Birxeber.az / Ağalı sakinləri prezident seçkilərini səbirsizliklə gözləyirlər: "Qürurla səs verəcəyik"

Ağalı sakinləri prezident seçkilərini səbirsizliklə gözləyirlər: "Qürurla səs verəcəyik"

2-02-2024, 13:40

İnsan azadlığı ancaq öz vətənində tapa bilər deyiblər. 30 illik vətən həsrətindən sonra insanın görünməz tellərlə bağlı olduğu vətəninə qovuşmasının onda yaratdığı şövqü bir neçə il öncə torpaqlarımız işğaldan azad edilərkən hər birimiz yaşadıq. Ona görə də bizim 30 il sonra azad olmuş diyardan yazacağımız, danışacağımız hələ çox şeylər var.

Bu günlərdə - fevralın 7-də bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu münasibətlə azad edilmiş torpaqlarımıza səfərimiz davam edir. Budəfəki dayanacağımız Zəngilan rayonunun Ağalı kəndidir. Sakinlərin qürur, sevinc və həyəcanını bölüşmək üçün onlarla elə kəndin mərkəzində söhbətləşdik.

Ağalı kənd sakini Taleh Məmmədov bildirdi ki, uzun illərdən sonra məhz öz doğma kəndində seçki həyəcanı yaşayır: “Tam səmimiyyətimlə deyə bilərəm ki, bu gün bütün ağalılılar 7 fevralda keçiriləcək prezident seçkiləri gününü gözləyir. Bizim cənab Ali Baş Komandan İlham Əliyevə mənəvi borcumuz var. Torpağından didərgin düşmüş, evindən, ocağından illərlə uzaqda böyümüş, qocalmış insanlar ona minnətdardır. İnanırıq ki, bundan sonra hər şey Azərbaycan üçün daha yaxşı olacaq”.

Taleh Məmmədov
Taleh Məmmədov

Sakin Simuzər Səlimova da illər sonra Qarabağda prezident seçkilərinin keçirilməsini bir xəyal kimi göründüyünü dedi: “Lakin bu gün həmin qürurverici həqiqətin özünü yaşayırıq. Buna görə dövlətimizə, ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdarıq. 7 fevral - prezident seçkiləri ilə əlaqədar kənd əhli öz arasında tez-tez müzakirələr aparır. İlk dəfədir ki ölkədə keçiriləcək seçkilərə bu böyüklükdə maraq görürəm. Hər birimiz ən layiqli namizədə səs verəcəyik. Əminəm ki, Azərbaycan bundan sonra da əmin əllərdə olacaq".

 Simuzər Səlimova
Simuzər Səlimova

Son üç ili fəxr və qürur hissi ilə keçirdiklərini deyən Dünyadur Hüseynov əlavə etdi ki, bu günlərdə daha fərqli qürur və sevinc hissi yaşayırıq: “Həmin sevinc 30 ildən sonra bütöv Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədardır. Ona görə də bizim qürur hissimiz ikiqatdır. Düşünürəm ki, qalib ordunun qalib komandanı budəfəki mübarizədən də zəfərlə ayrılacaq. Çünki xalqımız birmənalı şəkildə öz qalib sərkərdəsini dəstəkləyir”.

Dünyadur Hüseynov
Dünyadur Hüseynov

Reyhan Buludlunun isə 28 yaşı var və Ağalını görmədən böyüyən bir gəncdir. Lakin bu gün məhz Ağalıda yaşayır və bunun üçün Ali Baş Komandan başda olmaqla, Azərbaycan əsgərinə minnətdardır.

Reyhan Buludlu
Reyhan Buludlu

"Keçiriləcək seçkilər də mənim üçün məhz buna görə vacibdir. Vətəndaşlıq borcumu yerinə yetirəcək və 7 fevral prezident seçkiləri günü məntəqəyə gedərək böyük qürurla səs verəcəyəm”, - o vurğuladı.

Gülzar İsayeva
Gülzar İsayeva

Son olaraq kənd sakini Gülzar İsayeva ilə həmsöhbət olduq. Dedi ki, onlar üçün ən böyük xəyalı - doğma torpaqlarına qayıtmaq arzusunu Prezident İlham Əliyev reallaşdırıb: “Mənim və digər sakinlərimizin fikrincə, bundan böyük və daha dəyərli heç nə ola bilməz. Kəndimizə ilk dəfə gələndə yaradılan şəraitdən heyrətə gəlmişdim. Mən torpağıma qovuşmaq istəyirdim, lakin torpağımla yanaşı, isti ocağıma da qovuşdum. Ağalı kənd camaatı olaraq güvəndiyimiz və çoxları üçün xəyal olanı gerçəkləşdirən şəxsə səs verəcəyik. Çünki bu, bizim mənəvi borcumuzdur”.

Geri qayıt