Birxeber.az / Azərbaycanda 200 min hektardan çox su-bataqlıq ərazisi var

Azərbaycanda 200 min hektardan çox su-bataqlıq ərazisi var

2-02-2024, 12:40

Azərbaycanda 200 min hektardan çox su-bataqlıq ərazisi var.

"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Onun sözlərinə görə, bataqlıqların əksəriyyəti öz nadir və zəngin bioloji müxtəliflik komponentlərinə görə əvəzolunmazdır: "Sahəsi 1000 hektardan böyük olan su-bataqlıq ərazilərinin sayı 17-yə yaxındır. Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölləri, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri məhz belə ərazilərdəndir. Qızılağac, Ağgöl və Şirvan milli parkları xüsusilə zəngin bioloji müxtəlifliyinə görə diqqət cəlb edən ərazilərdir. Məhz bu ərazilərin milli park olaraq seçilməsi də təsadüfi xarakter daşımır".

A.Babayeva qeyd edib ki, Ümumdünya Su-Bataqlıq Əraziləri Gününün məqsədi bioloji müxtəlifliyinə görə zəngin ekosistem sayılan su-bataqlıq ərazilərinin əhəmiyyəti və qorunmasına diqqəti cəlb etməkdir. Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar bu gün Qızılağac, Ağgöl, Abşeron və Şirvan milli parklarında müxtəlif maarifləndirici tədbirlər təşkil olunub.

Qeyd edək ki, Ekoloji təqvimə əsasən 2 fevral dünyada Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur və bu günün 2024-cü il üçün mövzusu “Bataqlıqlar və İnsan Rifahı”dır.

Geri qayıt