Birxeber.az / Nazir gənclərə çağırış edib: “Sizdən mühüm layihələr gözləyirik”

Nazir gənclərə çağırış edib: “Sizdən mühüm layihələr gözləyirik”

2-02-2024, 12:40

2 Fevral - Azərbaycan Gəncləri Günü və Lənkəranın bu il üzrə “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlərə start verilib.

“Report”un Cənub bürosunun məlumatına görə, bununla bağlı Lənkəranda keçirilən təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müxtəlif bölgələrin gənclər və idman idarələrinin rəhbərləri, könüllülər, Lənkəranın fəal gəncləri, regionda fəaliyyət göstərən QHT nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla anıblar.

F.Qayıbov Lənkəran Dövlət Universitetində baş tutan tədbir çərçivəsində tələbələrlə görüşüb, onların təkliflərini dinləyib, qayğıları ilə maraqlanıb.

Nazir bildirib ki, Lənkəranın bu il üçün gənclər paytaxtı seçilməsi regionun inkişafı üçün böyük dəstək olacaq. Onun sözlərinə görə, bununla bağlı geniş tədbirlər planı hazırlanıb.

“Lənkəran şəhərində və regionda il ərzində gənclər siyasəti ilə bağlı geniş tədbirlər keçiriləcək. Təbii ki, bununla bağlı gənclərin də üzərinə böyük məsuliyyət düşür. Sizdən mühüm layihələr gözləyirik. Lənkəran həm də Türk Dövlətləri “Gənclər Paytaxtı” seçilib. Burada təqdimat mərasimləri də olacaq. Gənclər çox aktiv olmalıdır, növbəti Gənclər Paytaxtı üçün nümunə olacaq işlər görməlisiniz”, - F.Qayıbov söyləyib.

Sonra nazir müxtəlif sahələrdə fəallığı ilə seçilən gəncləri “İlin gənci” mükafatı ilə təltif edib.

Geri qayıt