Birxeber.az / Heydər Əliyev Mərkəzində “Noh Opera” tamaşası təqdim edilib - FOTO

Heydər Əliyev Mərkəzində “Noh Opera” tamaşası təqdim edilib - FOTO

1-02-2024, 20:50

Heydər Əliyev Mərkəzində Yaponiyanın 700 il tarixi olan “No” teatrı üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbi tərəfindən “Noh Opera” tamaşası təqdim edilib.

APA xəbər verir ki, üç hissədən ibarət “Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiətilə “Raku” rəqsi ifa olunub, sağlam və xoşbəxt həyat tərzindən, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs edilib. Səhnədə odlar yurdu Azərbaycan və şam ağacı ölkəsi olan Yaponiyanın dostluğu müvafiq simvollarla təcəssüm etdirilib.

Ənənəvi nağıllar əsasında qurulan tamaşada alov atributu nümayiş edilib ki, bu da Yaponiya və Azərbaycanın dostluğunu simvolizə edir.

Teatrın rəhbəri Kazufusa Houşo jurnalistlərə açıqlamasında ənənəvi teatrlarını ilk dəfə Azərbaycanda nümayiş etdirməkdən məmnun olduqlarını deyib.

"Yaponiya və Azərbaycam arasında kifayət qədər oxşarlığın olduğunu düşünürəm. Məsələn, Azərbaycana Odlar yurdu deyirlər, bunu, eyni zamanda, yaponlara da aid eləmək olar", - teatr rəhbəri bildirib.

Qeyd edək ki, sözügedən teatr hazırda dünyanın ənənəvi və qədim mədəniyyətlərinə bağlı olan yeganə incəsənət növü hesab olunur və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

“No” incəsənət növü insanlara mənəvi rahatlığı, sağlam və xoşbəxt həyat tərzini təlqin edir.

İpək Yolu vasitəsilə mədəniyyətlərin qarşılıqlı təsiri sayəsində formalaşan “No” qeyri-adi sənət növü kimi populyardır və bütün dünyada ifa edilir.

Geri qayıt