Birxeber.az / Yol hərəkətdə olan qatarındır! - Dəmiryol keçidlərinin istismarı qaydaları təsdiq olunub

Yol hərəkətdə olan qatarındır! - Dəmiryol keçidlərinin istismarı qaydaları təsdiq olunub

1-02-2024, 19:40

Azərbaycanda ümumi istifadəli dəmiryol nəqliyyatında və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında dəmiryol keçidlərinin təhlükəsiz istismarına dair tələbləri müəyyən edilib. Dəmiryol keçidlərinin istismarı ilə bağlı qaydaların Nazirlər Kabineti səviyyəsində təsdiq edilməsi dəmiryol keçidlərində təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bir daha göstərir. Eyni zamanda qaydalarda dəmiryol keçidlərinin quraşdırılmasına, dəmiryol keçidlərində hərəkətin təhlükəsizliyini təmin etmək üçün hansı qurğuların tətbiq edilməsinə, dəmiryol keçidlərinin qurğularına və avadanlıqlarına, dəmiryol keçid növbətçisinin vəzifələri və işinin təşkilinə, dəmiryol keçidlərinin saxlanmasına və təmirinə dair tələblər müəyyən edilib. Qeyd olunan tələblərin hər biri dəmiryol keçidlərindən istifadə edən şəxslərin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Qaydalara əsasən, dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "Report"a bildirib ki, “Dəmiryol keçidlərinin istismarı Qaydaları”nın təhlükəsizliyin dövrün tələblərinə uyğun təmin edilməsi baxımından müstəsna əhəmiyyəti olacaq:

“Bildiyimiz kimi, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Qeyd olunan dəhlizlər üzrə dəmir yolu ilə yükdaşımalar ilbəil artır. Bu da dəmiryol keçidlərində qatarların hərəkətinin intensivləşməsinə səbəb olur”.

Ekspert qeyd edib ki, yeni qaydalara əsasən, keçidlərdə avtomobil və piyadaların təhlükəsizliyini nəzərə alaraq müvafiq xəbərdarlıq nişanları və hərəkəti məhdudlaşdıran qurğuların qurulması nəzərdə tutulub:

“Qaydaların daha geniş kütləyə çatması üçün müasir multimedia vasitələrindən istifadə edərək daha çox maarifləndirici videoçarxların hazırlanmasına və bu qaydalara ciddi riayət olunmasına görə sərt nəzarətə və cərimələrin tətbiqinə ehtiyac var. Ən önəmli olan insan həyatı və onun təhlükəsizliyidir – həm hərəkətdə olan qatarda sərnişin olaraq, həm də keçiddən piyada kimi və ya avtomobillə keçən zaman”.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, dəmiryol keçidləri yolun ən təhlükəli sahələrindən biri hesab olunur:

“Müxtəlif növ nəqliyyat vasitələri, yəni həm velosiped, moped kimi qeyri-mexaniki, həm avtobus, traktor, yük və minik avtomobilləri kimi mexaniki nəqliyyat vasitələri, həm də piyadalar dəmir yolunu məhz dəmiryol keçidindən keçməlidirlər. Müəyyən edilməmiş yerlərdən keçmək qadağandır və hər bir halda təhlükəlidir. Hərəkət iştirakçıları, yəni piyadalar, velosipedçilər, sürücülər dəmiryol keçidlərindən keçərkən yol hərəkətinin bütün qaydalarına, “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə əməl etməlidirlər, bundan başqa, dəmiryol keçidi qarşısında quraşdırılmış xüsusi nişanların tələblərinə riayət olunmalıdır”.

O qeyd edib ki, dəmiryol keçidində işıqfor, nişanlar və digər texniki vasitələrin vəziyyətindən asılı olmayaraq qatar hər bir halda üstünlüyə malikdir:

“Çünki qatar yol hərəkətində iştirak edən nəqliyyat vasitəsi deyil. Onun hərəkətinin dinamikası, tormozlanması avtomobilinkindən tamamilə fərqlənir. Hərəkət iştirakçıları – sürücülər, piyadalar, velosipedçilər özlərini qatardan qorumalıdırlar. Qızıl prinsip budur – özünü qatardan qoru! Ona görə də nişanlara, işıqforlara, dəmiryol keçid növbətçisinin siqnallarına mütləq riayət etmək lazımdır. Dəmiryol keçidində dayanmaq, ləngimək, dəmiryol keçidindən keçərkən diqqəti yayındıran işlərlə məşğul olmaq, məsələn, piyadadırsa, qulaqlıq taxaraq ətraf aləmdən özünü təcrid etmək, sürücüdürsə, mobil telefondan istifadə etmək olduqca təhlükəlidir. Təcrübə göstərir ki, dəmiryol keçidlərində baş verən yol-nəqliyyat hadisələri bir qayda olaraq həmişə ağır olur”.

Ə.Hüseynov vurğulayıb ki, yeni qaydaların qəbul olunması insanlarda bu sahəyə yanaşmanı bir qədər dəyişəcək:

“Bu gün ölkəmizdə çox sayda dəmiryol keçidi var ki, onların siqnallaşdırılmasında ciddi problemlər müşahidə olunur. Yəni düşünürəm ki, bu məsələlərə də əncam çəkilməsi yeni qaydalardan sonra mümkün olacaq. Hər bir halda həm yeni qaydaları, həm qüvvədə olan “Yol hərəkəti haqqında” qanunu, həm də digər aidiyyəti qanunları nəzərə alaraq dəmiryol keçidlərinin siqnallaşdırılması daha yüksək səviyyədə təşkil olunacaq. Bu sahədə təbliğat-təşviqat işləri də artırılmalıdır ki, insanlar dəmiryol keçidlərindən keçərkən çox diqqətli və ehtiyatlı olsunlar. Yalnız bu halda təhlükəsizlik təmin oluna bilər, həm də qatarların hərəkətində lazımsız fasilələr yaranmaz”.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də vətəndaşları dəmiryol keçidlərinə yaxınlaşdıqda son dərəcə diqqətli olmağa çağırıb:

“Dəmiryol keçidlərində baş verə biləcək qəzalara görə məsuliyyət birbaşa piyadaların, avtomobil nəqliyyatı vasitələri sürücülərinin üzərinə düşür. Ona görə də bütün vətəndaşlara üzümü tutub deyirəm ki, ilk növbədə öz həyatlarını, təhlükəsizliklərini düşünsünlər, dəmiryol keçidlərinə yaxınlaşarkən qatarların hərəkətini izləsinlər, yol nişanlarının tələblərinə əməl etsinlər. Bilməliyik ki, yol hərəkətdə olan qatarındır. Xüsusən sürücülərə çağırış edirəm ki, dəmiryol keçidlərində, magistralların dəmir yolları ilə kəsişmələrində diqqətli olsunlar, yaxınlaşmaqda olan qatar varsa, tələsməsinlər, dayansınlar”.

Qeyd edək ki, 2023-cü ildə qatarın yoluna qəfil insan çıxması nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb. Avtomobil nəqliyyatı vasitələrinin qatarların qarşısına çıxması nəticəsində isə 5 nəfər ölüb, 9 nəfər ağır xəsarət alıb. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin maarifləndirmə və digər tədbirlərinin nəticəsidir ki, 2022-ci illə müqayisədə piyada vurma hadisələri 33 faiz azalıb.

ADY dəmir yollarında təhlükəsizliyi daha da gücləndirmək üçün infrastrukturda yenilənmələrin aparılmasını, təhlükəsizliklə bağlı maarifləndirmə işlərini sürətləndirməyi və dəmir yolu ətrafında yerləşən yaşayış massivləri və məktəblərdə təlim proqramlarını keçirməyi davam etdirəcək.

ADY hər kəsi dəmir yollarında təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Geri qayıt