Birxeber.az / KİV: Baydenin israilli məskunları hədəf alan sənəd imzalayacağı gözlənilir

KİV: Baydenin israilli məskunları hədəf alan sənəd imzalayacağı gözlənilir

1-02-2024, 18:50

ABŞ İordan çayının qərb sahilində məskunlaşmış israillilərə qarşı sanksiya tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, Prezident Co Baydenin İordan çayının qərb sahilində işğal olunmuş ərazilərdə fələstinlilərə hücum edən israilli kolonistləri cəzalandırmaq məqsədi ilə direktiv imzalayacağı gözlənilir.

Nəşr adı açıqlanmayan ABŞ rəsmisinə istinadən bildirib ki, qərar bu gün axşam (ABŞ vaxtı ilə) açıqlanacaq. Sənədin israilli məskunlara qarşı sanksiyaları ehtiva edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumundan sonra İordan çayının qərb sahilində işğal altında olan ərazilərdə yaşayan fələstinlilərə qarşı zorakılıq artıb. ABŞ də daxil olmaqla beynəlxalq ictimaiyyət İsrail hökumətini bu zorakılıq və hücum hallarının qarşısını almağa çağırıb.

Geri qayıt