Birxeber.az / Kobaxidze: “Seçkilərdə qalib gələndən sonra 4 illik proqram təqdim edəcəyik”

Kobaxidze: “Seçkilərdə qalib gələndən sonra 4 illik proqram təqdim edəcəyik”

1-02-2024, 17:40

Gürcüstan parlamentinə cümə günü təqdim olunacaq hökumət proqramı 10 ay üçün nəzərdə tutulub.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir postuna namizəd İrakli Kobaxidze deyib.

“Birinci prioritet mövcud dövlət proqramı çərçivəsində başlanmış iri layihələrin başa çatdırılması olacaq. Ən böyük avtomobil yolu layihəsi kimi çox böyük layihələr var ki, onların da başa çatdırılması lazımdır. Təbii ki, əsas diqqət bu hadisələrə yönələcək. Biz parlament seçkilərində qalib gələndən sonra yeni dörd illik hökumət proqramını təqdim edəcəyik”, - o bildirib.

KİV qeyd edib ki, söhbət Şərq-Qərb magistral yolundan gedir (Avropa Tranzit Yolu E-60). Fransanın Brest şəhərindən başlayıb İrkeştamda (Qırğızıstan) bitən bu yol Avropanın ikinci ən böyük tranzit dəhlizidir. Gürcüstanda E-60 Azərbaycanla sərhəddə başlayır və Poti limanı yaxınlığında Qara dəniz sahilində bitir. Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 km-dir. Qırmızı körpüdən (Azərbaycanla sərhəd) Sarpiyə (Türkiyə ilə sərhəd) yolun bütün hissələrinin tikintisi başa çatdıqdan sonra avtomobillə 8 saat əvəzinə 4-4,5 saata getmək mümkün olacaq.

Geri qayıt