Birxeber.az / Nəqliyyat vasitələrinin utilizasiyası fonduna köçürmələr başlayıb

Nəqliyyat vasitələrinin utilizasiyası fonduna köçürmələr başlayıb

1-02-2024, 16:40

Bu gündən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə başlanılıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

"Maliyyə Nazirliyi tez bir zamanda Fonda hesab açdı. Dünəndən Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə danışıqlar aparırıq ki, tez zamanda vəsaitlərin ödənilməsini təmin etsinlər. Məndə olan məlumata görə, artıq hər iki qurumda işlər yekunlaşıb və köçürülmə ilə bağlı problem yoxdur", - deyə o qeyd edib.

O, prosesin aparılmasında əsas iki məqamı vurğulayıb: "Bu proqram könüllülük prinsipi əsasında həyata keçiriləcək. Burda hər bir şəxs istədiyi zaman istirsmara yararsız nəqliyyat vasiyəsini gətirib təhvil verib bu proqrama qoşula bilər. Eyni zamanda, Fond məqsədli fond olacaq. Yəni bu fond büdcə tərkibində olan fonddur və büdcədə də qayda belədir ki, il bitəndən sonra ordakı bütün qalıq vəsaitlər büdcəyə köçürülür. Amma burda əsas məqsədimiz odur ki, bu Fonda daxil olan vəsaitlər növbəti ildə də istifadə oluna bilsin. Yəni qalıq vəsaitlər növbəti ilə keçəcək və yalnız bu proqram üçün istifadə olunacaq".

"Eyni zamanda "Təmiz Şəhər" olaraq artıq biz işə başlamışıq ki, bu proqramı proqram təminatı üzərində quraq. Yəni prosesi tam avtomatlaşdıraq. Bu proqrama qoşulanlar proqram təminatı vasitəsilə ərizə ilə müraciət edəcəklər və özləri də icraatın hansı mərhələdə olduğunu izləyəcəklər. Eyni zamanda dövlət orqanları da öz funksiyalarına uyğun olaraq proqram təminatı vasitəsilə prosesləri izləyə biləcək", - deyə E.Abbasov əlavə edib.

Geri qayıt