Birxeber.az / Moskvada “Rusiya mediası Qarabağda bərpa işlərini niyə işıqlandırmır?” mövzusu müzakirə olunub - FOTO

Moskvada “Rusiya mediası Qarabağda bərpa işlərini niyə işıqlandırmır?” mövzusu müzakirə olunub - FOTO

1-02-2024, 15:50

Moskvada “Dövlətin dayanıqlı inkişafı üçün informasiya siyasətinin formalaşmasında təhsilin rolu” mövzusunda beynəlxalq-elmi praktiki konfrans keçirilib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezident Akademiyasında (Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası-“RANXiQS”) keçirilən konfrans Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil olunub.

Azərbaycanın Rusiyadakı Səfirliyinin müşavir-elçisi Aqşin Əliyev səfir Polad Bülbüloğlunun konfrans iştirakçılarına ünvanlanmış məktubunu oxuyub. Məktubda səfir Azərbaycan-Rusiya ikitərəfli münasibətlərindən, xüsusi ilə təhsil sahəsində iki ölkə arasında mövcud əməkdaşlıqdan danışıb.

Rusiya Prezident Akademiyasının prorektoru, iqtisad elmləri doktoru, professor Andrey Marqolin çıxışında Azərbaycanın Dövlət İdarəçilik Akademiyası ilə yüksək səmərəli əməkdaşlıqlarının olduğunu söyləyib.

Konfransda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun “Dayanıqlı inkişafın təminatı və inklüziv cəmiyyətin formalaşmasında təhsil və məlumatlılıq” adlı məruzəsi dinlənilib.

Bundan başqa, konfransda Akademiyanın jurnalistika fakültəsinin dekanı Vladimir Silkinin “Jurnalist kadrlarının hazırlanması strategiyasının müəyyən edilməsində dövlətin infromasiya siyasəti funksiyasının proqramlaşdırılması”, professor Nizami Məmmədovun “İnformasiya siyasəti və müasir tarixi proses”, ümumilikdə azərbaycanlı və rusiyalı elm adamlarının informasiya siyasəti mövzusunda 30-dan-dan çox məruzəsi dinlənilib.

Rusiya Prezident Akademiyasının Jurnalistika fakültəsinin informasiya proseslərinin idarə edilməsi kafedrasının müəllimi, Yuri Siqovun “Müasir Rusiya informasiya məkanında Azərbaycanın obrazı: miflər və reallıqlar” adlı məruzəsi böyük maraq doğurub. Siqov məruzəsində bildirib ki, Rusiya informasiya məkanında Azərbaycanın mənfi obrazı bilərəkdən yaradılır, bunun səbəblərindən biri isə mediada etnik azərbaycanlıların demək olar ki, olmamasıdır və ya çox az olmasıdır:

“Rusiya vətəndaşı olan etnik erməni kadrların çoxluğu isə vəziyyətə kökündən təsir edir. Ona görə də, keçmiş Qarabağ münaqişəsinə onlar əvvəldən öz tərəflərindən baxıblar. Onlar bu məsələyə Rusiya tərəfindən deyil, məhz erməni kimi yanaşıblar. Bu, əlbəttə ki, mövzunun işıqlandırılmasına, informasiyanın təqdim olunmasına təsir edib və edir. Yekunda isə bu, Rusiyada Azərbaycanın obrazının formalaşmasına təsir edir. Hansı ki, bu obraz ümumiyyətlə mövcud deyil, ya da bu obraz olduqca mənfidir. Bəs indiki mərhələdə nə baş verir? Düşünürəm ki, hazırda baş verənlər olduqca vacibdir. Qarabağ mövzusu indi arxa plana keçir. Təəssüflər olsun ki, son dövrlər bu regiona Rusiya mediasının marağı ancaq sülhməramlılarının fəaliyyəti məsələsi ilə bağlı olub. Rusiya mediası daha Azərbaycanın Qarabağ regionuna maraq göstərmir, ora heç bir jurnalist göndərmir. Rusiya mediasını Azərbaycanın 2020-ci ildən sonra Qarabağı geri qaytarandan sonra orada gördüyü işlər maraqlandırmır. Azərbaycan həmin əraziləri, orada dağıdılmış infrastrukturu bərpa edir, 1992-94-cü illərdə öz doğma yurdlarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün həmin ərazilərə qayıtması üçün böyük işlər görür, beynəlxalq hava limanları inşa edir. Amma Rusiya mediası isə bu prosesi ümumiyyətlə işıqlandırmır. Belə çıxır ki, Azərbaycan tərəfi gərək həmin ərazilərə press-turlar təşkil edə ki, bəlkə Rusiya mediası bu barədə nəsə yazsın, ya da göstərsin. O da KİV-dən asılı olan məsələdir. Çünki Azərbaycanla bağlı material təqdim olunan zaman Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu, Ermənistanın KTMT-yə üzvlüyü məsələsi əsas götürülür. Rusiyanın aparıcı mətbuat orqanlarında erməni milliyyətindən olan şəxslərin güclü təsiri, eləcə də qeyd etdiyim bu məqamlar Azərbaycanın Qarabağda yenidənqurma işləri aparmasının işıqlandırılmasına, ümumilikdə, Azərbaycanın Rusiyada müsbət obrazının yaradılmasına maneə olur”.

Ekspert vurğulayıb ki, Azərbaycanın Rusiya mediasının bu cür siyasətinə mövqeyi çox yumşaqdır: “Kobud desək, Azərbaycan buna görə Rusiyadan incimir. Buna baxmayaraq, Azərbaycan Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirir. Azərbaycan bu istiqamətdə əlindən gələni edir. Hesab edirəm ki, bu, onda olduqca uğurlu alınır. Sual Rusiya tərəfinədir, daha doğrusu Rusiya mediasına. Onlar Azərbaycana münasibətdə hansısa anlaşılmayan süjetlə çalışırlar, ya da yuxarıdan onlara göstəriş gəlir. Bu, dövlət KİV-inə də aiddir. Ona görə də, hesab edirəm ki, yenə də müsbət obrazın yaradılmasında əsas iş Azərbaycanın tərəfinə düşür. Bəs, bu, Azərbaycana lazımdırmı? Hesab edirəm ki, bu həm də Rusiyaya lazımdır”, - rusiyalı alim qeyd edib.

Geri qayıt