Birxeber.az / Azərbaycana idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir və tələblərə cavab vermir - RƏSMİ

Azərbaycana idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir və tələblərə cavab vermir - RƏSMİ

1-02-2024, 15:50

Müasir dünyada atmosfer havasının çirklənməsində avtonəqliyyat vasitələrindən atılan zərərli maddələr əsas yer tutur. Dinamik iqtisadi inkişafla bağlı ölkəmizdə də atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi məhz nəqliyyat vasitələridir.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Aytən Seyidova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, ölkəmizdə köhnə avtomobillərin utilizasiyası məsələsi ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Utilizasiyanın əsas məqsədi ekoloji baxımdan istismara yararsız avtomobillərin dövriyyədən çıxarılmasını, onların müəyyən hissələrinin təkrar emala yönəldilməsini, ətraf mühit üçün zərərsiz hala gətirilməsini təmin etməkdir.

Son zamanlar qəbul edilən dövlət proqramlarında köhnə avtomobillərdən istifadənin mərhələlərlə məhdudlaşdırılması, ekoloji təmiz avtomobillərin istifadəsinin təşviq edilməsi və bu qəbildən digər məsələlər yer alır.

Utilizasiya proqramının təsdiq olunması nəticəsində nəqliyyatlardan atılan zərərli maddələrin miqdarı azalacaq ki, bu da insanların sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.

Yeni utilizasiya proqramının qəbul olunması köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması ilə həm də tullantıların idarə olunmasının təkmilləşdirilməsi nöqteyi-nəzərindən öz töhfəsini verəcək”.

Şöbə müdiri vurğulayıb ki, son illərdə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrindən istifadə xeyli artıb. O deyib ki, ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti istehsal tarixi köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir: “Nəqliyyat vasitələrinin sayının artması və onların qeyri-məqbul texniki vəziyyəti ətraf mühitə təsirləri daha da artırır”.

Geri qayıt