Birxeber.az / Ermənistanda siyasi korrupsiya halları - əsas şübhəlilər hakim dairələrdədir - ŞƏRH

Ermənistanda siyasi korrupsiya halları - əsas şübhəlilər hakim dairələrdədir - ŞƏRH

1-02-2024, 15:40

Ermənistan hökumətində qalmaqallar səngimir. Ölkənin ədliyyə naziri Qriqor Minasyan “İrəvan-Kentron” həbsxanasının rəisi Arman Melkonyanı işdən çıxarıb. Onun həbsdə olan keçmiş müdafiə naziri David Tonoyana anası ilə görüşə şərait yaratdığı üçün cəzalandırıldığı bildirilib. Qeyd edək ki, 2023-cü ilin avqustunda Ermənistan baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Sergey Atomyanı da eyni səbəblə vəzifəsindən azad edib.

D.Tonoyan, Ermənistan Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan külli miqdarda dövlət vəsaitini mənimsəməkdə (4,6 milyon dollar) və yararsız silah almaqda ittiham olunurlar.

Ölkənin keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan, sabiq müdafiə naziri Seyran Ohanyan da korrupsiya, rüşvətxorluq, səlahiyyətindən sui-istifadədə günahlandırılırdılar.

N.Paşinyan ötən gün iqtisadiyyat nazirinin müavini Ani İspiryanı işdən çıxarıb. Daha sonra o, həbs edilib.

Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyinin 15 ofisində axtarış aparıb. Bu əməliyyat korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində reallaşıb və qurumun 7 əməkdaşı saxlanılıb. İttihama əsasən, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər, xüsusən “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” tenderinin bir hissəsi olaraq şirkətlərdən birinin rəhbəri ilə əlbir olub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə üç dəfə baha, 100 min dollar ərizə təqdim edən şirkət qalib olub.

Hakimiyyətdaxili bu qalmaqallar bitməmiş yenisi barədə xəbər yayılıb. Məlumatlara əsasən, Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub. Onun tutulması da İqtisadiyyat Nazirliyi ilə bağlıdır. Bildirilib ki, A.Gevorkyan Ermənistanda tanınmış “Sinergiya” informasiya-texnologiyaları şirkətində uzun illər çalışıb, proqram meneceri olub. Bu müəssisə tenderdə iştirak etsə də, qalib gəlməyib. Ona görə müsabiqə ləğv edilib. Bunun məsuliyyəti isə A.Gevorkyanın üzərinə qoyulub. “Synergy International Systems” şirkətinin qurucusu və direktoru Aşot Ovanesyan da bu cinayət işi üzrə həbs olunub.

Qeyd edək ki, hələ 2020-ci ildə K.Simonyanın rəhbərlik etdiyi “EuroAsphalt” QSC yolların asfaltlanması üzrə tenderin qalibi olmuşdu. Onun A.Simonyanın qardaşı olduğu üçün qalib elan edildiyi bildirilir.

N.Paşinyan fevralın 1-də hökumətin iclasında korrupsiyaya qarşı mübarizənin gündəlikdən çıxmadığını söyləyib.

Ermənistanda tenderlərin keçirilməsində problemlərin olduğunu deyən baş nazir qeyd edib ki, Nazirlər Kabinetinin üzvləri onlara təqdim olunan hesabatlara o qədər də etibar etməməlidirlər: “Siz mənə hesabat verirsiz, başqası sizə, başqası onlara. Ona görə də vacib layihələri özümüz yoxlamalıyıq”.

Bu açıqlama Ermənistan hökuməti daxilində etibardan və səlahiyyətdən sui-istifadəni təsdiqləyir. Hökumət üzvləri arasında, hətta parlament sədri səviyyəsində qohumbazlıq, rüşvətxorluq, korrupsiya halları artmaqdadır.

Bir çox beynəlxalq təşkilatlar və siyasi xadimlər Ermənistanı nümunə kimi Cənubi Qafqazda ictimai rəyə sırımağa çalışır.

Bir məsələyə də diqqəti çəkmək istərdik. Ötən gün “Beynəlxalq şəffaflıq təşkilatı”nın (“Transparency International”) yaydığı hesabata görə, Ermənistan korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni ötən illə müqayisədə yaxşılaşdırıb. İqtisadiyyat Nazirliyində korrupsiya şəbəkəsi, Simonyan ailəsinə qanunsuz himayədarlıq kimi hadisələr rəsmi İrəvanın tərifləndiyi günə təsadüf edir. Məlumatlara görə, dövlət məmurları qanunsuz yolla topladıqları maliyyə vəsaitini götürüb, xaricə qaçırlar. İqtisadiyyat naziri Vaqan Kerobyan bildirmişdi ki, Ani İspiryan Niderlanda köçməyi planlaşdırıbmış. Belə qənaətə gəlmək olur, Ermənistanda qanunsuz yolla toplanan vəsaitlərə, çirkli pullara Avropa bankları, maliyyə qurumları qucaq açır. Həmin pullarla Ermənistan, erməni diasporu və lobbisi Avropa İttifaqında qanunazidd əməllər törədirlər.

Ermənistan iqtisadiyyatı daha çox Rusiyadan, ianə, qrant və bonuslardan asılıdır. Ona görə də ölkədə bu sahənin inkişafından danışmaq və rəsmi İrəvanı korrupsiyaya qarşı mübarizə fədaisi kimi təqdim etmək gülüncdür.

N.Paşinyan hökumətinin idarə etdiyi iqtisadiyyatın maliyyə mənbəyi əsasən, Rusiyadan pul köçürmələri, Qərb dövlətlərinin bonus və qrantları, vergilər, zəif turizm, yarımçıq təbii ehtiyat qaynaqlarının istismarıdır. Ölkə ərazisində böyük layihələr icra olunmur və ya oradan beynəlxalq əhəmiyyətli marşrutlar keçmir. Odur ki, Ermənistanın böyük məbləğdə maliyyə vəsaitinə malik olmadığını da iddia etmək mümkündür. İqtisadiyyatı xarici donorlardan asılı vəziyyətdə olan bir ölkədə baş verən bu kimi korrupsiya qalmaqalları çox böyük hadisədir. Daha böyük layihələr reallaşsa, ölkədə vəziyyət daha faciəvi olar...

Geri qayıt