Birxeber.az / Gəncə şəhərinin ictimai nəqliyyatına yeni avtobuslar cəlb edilib

Gəncə şəhərinin ictimai nəqliyyatına yeni avtobuslar cəlb edilib

1-02-2024, 14:50

Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Birxeber.Az-Economics"ə verilən xəbərə görə, Gəncə şəhəri Natəvan qəsəbəsi – Şəhər mərkəzi – Gülüstan qəsəbəsi marşrutu üzrə bu gündən 10 ədəd müasir avtobus xəttə buraxılıb. Daşıyıcı şirkət tərəfindən ümumilikdə 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.

58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro 6 standartlarına cavab verir.

Qeyd edək ki, 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, ümumi uzunluğu 13 km təşkil edir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir.

Geri qayıt