Birxeber.az / İmişlidə qədim qəbiristanlıq məhv olmaq təhlükəsi ilə üzləşib

İmişlidə qədim qəbiristanlıq məhv olmaq təhlükəsi ilə üzləşib

1-02-2024, 14:40

İmişli rayonunda qədim qəbiristanlıq məhv olmaq təhlükəsi ilə üzləşib.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, qəbiristanlıq rayonun Allahmədətli kəndində, Kür çayı və Sarısu gölünün sahilində yerləşir.

Tarixçilərin fikrincə, qəbiristanlıq eramızdan əvvəl III-II əsrlərə aiddir. Vaxtı ilə bu ərazi yaşayış məskəni olub. Monqol tatarları tərəfindən yaşayış məskəni yandırılaraq məhv edilib. Tədqiqatçıların sözlərinə görə, Səfəvi şahı Şah İsmayıl Xətainin də qoşunları bu ərazidən keçib. Qəbiristanlıqda bunu təsdiqləyən başdaşıları mövcud olub.

1024-cü ildə anadan olmuş, şair, filosof alim Şeyx Bəxtiyar ibn Cavanşir, 1150-1231-ci illərdə yaşamış rəssam, şair filosof Şeyx Süleyman Muğani və bir çox tanınmış şəxs burada dəfn edilib. Onların başdaşıları bir neçə il bundan öncəyə qədər qalırmış. Lakin qəbiristanlıq baxımsız qaldığından həmin şəxslərin başdaşıları yoxa çıxıb. Bundan başqa Kür daşqınları zamanı su xeyli məzarı yuyaraq məhv edib.

Şah İsmayıl Xətainin babasının da bu qədim qəbiristanlıqda məzarının olduğu iddia edilir.

Qədim qəbiristanlıqda 10-dan çox daş və ağacdan ibarət başdaşı bu günümüzə qədər gəlib çatıb.

Allahmədətli kənd sakinlərinin sözlərinə görə, indiyədək burada heç bir tədqiqat işləri aparılmayıb. Hazırda baxımsız qalan bu qədim qəbiristanlıq məhv olmaq təhlükəsi qarşısındadır.

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Birxeber.Az”un yerli bürosuna bildirilib ki, sözügedən qəbiristanlıq tarixi, mədəni abidələrin siyahına daxil edilməsi məqsədi ilə yeni aşkar edilmiş abidə qismində qeydə alınıb.

Geri qayıt