Birxeber.az / CNN: Zalujnı bu həftə vəzifəsindən azad ediləcək

CNN: Zalujnı bu həftə vəzifəsindən azad ediləcək

1-02-2024, 13:50

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı müharibə ilə bağlı Prezident Vladimir Zelenski ilə arasındakı fikir ayrılıqlarına görə qarşıdakı günlərdə vəzifəsindən azad ediləcək.

Birxeber.Az xəbər verir ki, bu barədə CNN-ə adı açıqlanmayan iki mənbə bildirib.

Məlumata görə, Zalujnı bazar ertəsi Prezidentin ofisindəki görüşə çağırılıb və ona işdən çıxarılacağı barədə məlumat verilib. Qeyd olunub ki, Zalujnının işdən çıxarılması rəsmi şəkildə elan edilməyib, lakin Prezidentin müvafiq fərmanı həftənin sonunadək imzalaması gözlənilir.

Məlumata görə, bazar ertəsi müdafiə naziri Rustem Umerovun da iştirakı ilə Prezident Zelenskinin ofisində keçirilən kiçik toplantıda Prezident Zalujnını vəzifəsindən azad etməyə qərar verdiyini bildirib. Qeyd olunub ki, Zelenski Zalujnıya başqa vəzifə təklif edib, lakin o, bundan imtina edib. Bu zaman Prezident Zalujnının yeni vəzifəsindən imtina etməsinin onun hazırkı postundan uzaqlaşdırılacağı faktını dəyişməyəcəyini vurğulayıb.

Adı açıqlanmayan mənbələr Zalujnının yerinə yeni namizədlərin nəzərdən keçirildiyini qeyd ediblər. Bildirilib ki, bunlardan biri Zelenski ilə yaxın əlaqələri olan və yeni nəsil hərbi liderləri təmsil edən Müdafiə Kəşfiyyatı İdarəsinin rəhbəri, 38 yaşlı general Kiril Budanovdur.

Qeyd olunub ki, Zalujnının vəzifəsindən uzaqlaşdırılması 2 il öncə Rusiya ilə tammiqyaslı müharibənin başlamasından sonra ən böyük hərbi çalxantıdır. Məlumata görə, tərəflər arasında gərginlik xüsusilə də Zalujnının ötən ilin noyabrında “The Economist”ə müsahibəsində Rusiya ilə müharibənin dalana dirəndiyini deməsindən sonra artıb.

Geri qayıt