Birxeber.az / "Caspian Energy Club"un Türkiyə nümayəndəliyi fəaliyyətini aktivləşdirir

"Caspian Energy Club"un Türkiyə nümayəndəliyi fəaliyyətini aktivləşdirir

1-02-2024, 13:40

"Caspian Energy Club"un Türkiyə nümayəndəliyi fəaliyyətini aktivləşdirməyə hazırlaşır.

"Birxeber.Az" xəbər verir ki, bunu nümayəndəliyin İdarə Heyətinin sədri Süleyman Məcidli bildirib.

"2023-cü ildə Türkiyədə 10 fərqli formatda tədbir təşkil etdik. Qardaş ölkənin 4 böyük şəhəri olan İstanbul, Ankara, İzmir və Bursada türk sahibkarları arasında "networking" ilə yanaşı, iş adamları ilə Türkiyə hökuməti arasında dialoq formalaşdırdıq. Əlavə olaraq, yerli sahibkarların xarici bazarlara çıxışına dəstək olduq. Məsələn, ötən il aprelin 30-da İstanbulda "Caspian Energy Club" və "Caspian Energy Türkiye"nin birgə təşkilatçılığı ilə 14-cü beynəlxalq "Caspian Energy Investment Forum Istanbul 2023" keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin energetika sahəsində rolu, Xəzər, Qara və Baltik dənizlərinin enerji potensialı müzakirə olunub.

2024-cü il fəaliyyət planımızda isə Türkiyədə iş dünyası ilə daha geniş əlaqələr şəbəkəsi yaratmaq, türk iş adamlarının beynəlxalq iş dünyası ilə qarşılıqlı əlaqəsini artırmaq, sektorlar üzrə "networking" tədbirləri təşkil etmək, türk iş adamları ilə Türkiyə hökuməti arasında daha sıx əməkdaşlıq qurmaq, mühüm sektorlarda tədbirlər və forumlar təşkil edərək sektorlararası əməkdaşlığı dəstəkləmək, digər ölkələrdəki oxşar təşkilatlarla əməkdaşlığı təmin etmək, qlobal miqyasda iş dünyasına inteqrasiya etmək və türk iş adamlarını beynəlxalq platformalara daşımaq, biznes dünyasının müasir tendensiyalar və qabaqcıl təcrübələrlə bağlı təlim və seminarlar təşkil etmək var", - deyə o qeyd edib.

S.Məcidli həmçinin sənaye həftəsi daxilində Latviya, Estoniya və Finlandiyadan sahibkarlar ilə B2B görüşlər keçirildiyini, bu görüşlər əsnasında sahibkarların Qarabağın yenidənqurma sərgisini və Ələt azad iqtisadi zonasını ziyarət edərək Qarabağdakı yenidənqurma işləri və iqtisadi zonaların avantajları ilə yaxından tanış olduqlarını bildirib.

Geri qayıt