Birxeber.az / Azərbaycanlı miqrantlar Sankt-Peterburq və Leninqrad vilayətini tərk edir

Azərbaycanlı miqrantlar Sankt-Peterburq və Leninqrad vilayətini tərk edir

1-02-2024, 12:50

Sankt-Peterburqda və Leninqrad vilayətində miqrasiya xidməti miqrantların kütləvi geri axınını qeydə alıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Vedomosti” nəşri yazıb. Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi tərəfindən 2023-cü ildə Sankt-Peterburq və Leninqrad vilayətinin ərazisində 330 041 əmək miqrantı qeydə alınıb. 2022-ci ildə isə bu rəqəm 341 909 nəfər olub. Məlum olub ki, il ərzində regionda əcnəbi əmək miqrantlarını sayı 12 min nəfər azalıb.

“Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə ən çox əmək miqrantı Azərbaycan, Moldova, Tacikistan və Özbəkistandan gəlib. Sankt-Peterburqa və regiona işləmək üçün gələn xarici vətəndaşların coğrafiyası 2022-ci illə müqayisədə demək olar ki, dəyişməyib. Ukrayna istisnadır, bu ölkə artıq əmək miqrantlarının axınına görə liderlər sırasında deyil”, deyə nəşr yazıb.

Ekspertlər qeyd edirlər ki, əmək miqrantlarının sayının azalmasında əsas amil rublun xarici valyutalara nisbətdə ucuzlaşması olaraq qalır. Belə ki, Rusiya Bankının məlumatına görə, 10 000 özbək somunun dəyəri 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək 62,6 rubldan 80,01 rubla, 10 tacik somonisi 68,9 rubldan 81,87 rubla, 100 qırğız somunu 82,09 rubl-dan 100,6 rubla, 100 Qazaxıstan tengesi 15,25 rubldan 19,77 rubla, Azərbaycan manatı 42,34 rubldan 52,75 rubla qədər bahalaşıb.

Bildirilib ki, hazırda qanunvericilik məhdudiyyətləri və rublun məzənnəsindəki dalğalanmalar əmək bazarında miqrantların sayını azalda bilsə də, hələ də Rusiyada tikinti, pərakəndə satış, kənd təsərrüfatı, nəqliyyat və digər sektorlarda əcnəbi miqrantlar böyük işçi qüvvəsi olaraq qalır.

Sosiologiya elmləri namizədi Yuliya Bayer 78.ru-ya bildirib ki, miqrantların Rusiyanı tərk etmələri üçün iki səbəb ola bilər. Bunlar rublun məzənnəsinin zəifləməsi və səfərbərlik nəticəsində müharibəyə cəlb olunmaq qorxusudur ki, bu da, əcnəbilərin Rusiyada qalmasının onlar üçün sərfəli olmadığını göstərir.

Geri qayıt