Birxeber.az / Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə koalisiyaya daha 15 təşkilat qoşulub

Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə koalisiyaya daha 15 təşkilat qoşulub

1-02-2024, 12:40

2023-cü ilin avqustunda təsis olunmuş “Environmental Protection First” Koalisiyasına bu gün daha 15 QHT qoşulub.

“Report” xəbər verir ki, onlar daha çox ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlardır.

Koalisiya Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsini, ekoloji pozuntular əleyhinə mübarizənin gücləndirilməsini əsas işi elan edib. EPF-də tanınmış QHT nümayəndələri təmsil olunur. Ötən dövrdə Ermənistanın ekoloji yönümlü QHT-ləri də Koalisiyanın müraciətlərinə səssiz qalmayıblar, həmrəylik nümayiş etdiriblər.

EPF Ermənistan hökumətindən tələb edir ki, Cənubi Qafqazda ekologiya və səhiyyə böhranı yaradan dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açsın. Ötən gün dünyanın 22 ölkəsindən QHT-lər “Environmental Protection First” Koalisiyasının bu çağırışına dəstək olaraq birgə bəyanat verib. Bəyanatı imzalayan 49 xarici QHT və ekofəal Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edib, onlar Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmağı, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməyi tələb edib.

Xatırladaq ki, ötən həftə “Environmental Protection First” Koalisiyası Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Amuldağ qızıl yatağında ekoloji monitorinq aparmağa hazır olduğunu bəyan edib.

EPF-dan bildiriblər ki, koalisiyaya qoşulmaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır. Dünyanın müxtəlif ölkələrindəki ekoloji təşkilatlarından həmrəylik mesajları gəlməkdədir. Beləliklə, artıq koalisiyada 19 QHT birləşib.

“Environmental Protection First” Koalisiyası yeni qoşulan təşkilatları təqdim edirik:

1. “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi - Tükəzban Ağababayeva

2. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi - Elman Yusifov

3. “Rüzgar” Ekoloji İctimai Birliyi - İslam Mustafayev

4. “Azərbaycan Kartoqrafları” İctimai Birliyi –Müqabil Bayramov

5. “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi –Təvəkkül İsgəndərov

6. “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi - Rövşən Abbasov

7. “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi - Zurab İsrafilov

8. “Ailə və Ətraf Mühit” İctimai Birliyi –Səbinə Verdiyeva

9. “Səhiyyə və sağlam Həyat” İctimai Birliyi –Lətafət Əlizadə

10. "Səma və Eko Sosial-iqtisadi İnkişafa Yardım” İctimai Birliyi - İradə Həsənova

11. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi - Çingiz Ramazanlı

12. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi - Cəsarət Hüseynzadə

13. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi - Elman Cəfərli

14. "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi –Sevil İsayeva

15. "Ekoloq" Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi –Rübabə Hüseynli.

Geri qayıt