Birxeber.az / “Fitch” "Cənub Qaz Dəhlizi"nin avrobondlarının reytinqini təsdiqləyib

“Fitch” "Cənub Qaz Dəhlizi"nin avrobondlarının reytinqini təsdiqləyib

1-02-2024, 12:40

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" (SGC) QSC-nin yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

“Birxeber.Az” bu barədə agentliyə istinadən xəbər verir.

Bu, “Fitch”in müddəti 2026-cı ildə başa çatan, Azərbaycan ("BB+"/Pozitiv) tərəfindən tam təminat verilən 2 milyard ABŞ dolları həcmində avrobondlara dair dəyişməz mövqeyini əks etdirir.

Reytinq dövlət tərəfindən SGC-nin istiqraz sahiblərinə tam və vaxtında ödəmə ilə bağlı qeyd-şərtsiz və geri alınmaz təminatını əks etdirir.

Nəticədə, “Fitch” avrobondların reytinqini Azərbaycanın uzunmüddətli xarici valyuta İDR ilə bərabər olduğunu hesab edir.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Geri qayıt