Birxeber.az / Milli Məclisdə Niderland parlamentinin komitəsinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qınanılıb

Milli Məclisdə Niderland parlamentinin komitəsinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qınanılıb

1-02-2024, 11:40

Milli Məclisdə Niderland parlamentinin komitəsinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qınanılıb.

“Report”un məlumatına görə, Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib ki, niderlandlı həmkarlarının Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri Azərbaycana qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir.

Onun sözlərinə görə, ikili standartların Avropanın bir çox digər ölkələrində olduğu kimi, Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur: "Təəssüf doğuran daha bir fakt Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə etməsidir. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib. Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir. Prezident İlham Əliyev müharibənin bitdiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir. Bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər. Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir. Biz Cənubi Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkəyik".

S.Məmmədov bu gün dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözlədiklərini bildirib: "Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir. Yaşadığımız coğrafiyanın indiki mürəkkəb dövrdə sülhə və sabitliyə həmişə olduğundan daha böyük ehtiyacı var. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır”.

Qeyd edək ki, Niderland parlamentinin İkinci Palatasının Xarici əlaqələr komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib.

Geri qayıt