Birxeber.az / Suqovuşanda ilk yaşayış kompleksinin tikintisi davam edir

Suqovuşanda ilk yaşayış kompleksinin tikintisi davam edir

31-01-2024, 18:50

2023-cü il martın 18-də təməlqoyma mərasimi keçirilən Suqovuşan qəsəbəsində ilk yaşayış kompleksinin tikintisi hazırda davam etməkdədir.

APA xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “X” platformasında paylaşım edib.

Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.

Kompleksdə həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur.

Burada, həmçinin geniş yaşıllıq zolaqları salınacaq. Hazırda tikilinin inşası prosesi davam etməkdədir.

Emin Hüseynov Ağdam Muğam Mərkəzində görülən işlər barədə də məlumat paylaşıb.

Bildirilib ki, Ağdam Muğam Mərkəzi bir zirzəmi və iki mərtəbədən ibarətdir. Burada sinif otaqları, rəqs təlim otaqları, iclas və böyük konsertlərin təşkili üçün zallar və açıq havada amfiteatrın inşa olunması planlaşdırılıb.

Eyni zamanda, yerüstü dayanacağın da inşa olunması planda öz əksini tapıb.

Muğam Mərkəzinin tikinti işlərinin yekunlaşması 2024-cü ilin sonuna nəzərdə tutulub.

Geri qayıt