Birxeber.az / ADY: "Azərbaycan-Gürcüstan marşrutunda qatarların çatıb-qayıtma müddəti azaldılıb"

ADY: "Azərbaycan-Gürcüstan marşrutunda qatarların çatıb-qayıtma müddəti azaldılıb"

31-01-2024, 18:40

Azərbaycan-Gürcüstan marşrutunda qatarların mənzil başına çatıb-qayıtma müddəti xeyli azaldılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “Report”a verilən məlumata görə, bunu qurumun sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İnvestorlar Forumunda bildirib.

O qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması, səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları birgə müəssisə yaradıb: “Məqsəd “bir pəncərə” prinsipi üzrə xidmət göstərmək və müştəri məmnunluğunu təmin etməkdir. Bundan başqa, Ələt Limanında tranzit yük əməliyyatlarının sürətləndirilməsi və təyinatı üzrə göndərilməsi məqsədilə ADY, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ASCO və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC birlikdə əməliyyatların idarə edilməsi xidməti təşkil edib. Həmçinin Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan–Gürcüstan marşrutunda qatarların mənzil başına çatıb-qayıtma müddəti xeyli azaldılıb”.

Onun sözlərinə görə, ADY şəffaf qiymət siyasətinin müəyyən olunması, infrastruktur üzrə məhdudiyyətlərin aradan qaldırılması, yüklərin vaxtında və təhlükəsiz çatdırılması istiqamətində beynəlxalq dəhlizlərin iştirakçıları ilə fəal əməkdaşlıq edir.

A.Ağayev bildirib ki, Azərbaycan Orta Dəhliz üzrə ən vacib ölkələrdən biridir və nəqliyyat infrastrukturunun inkişafına iri investisiyalar qoyur: “Orta Dəhlizin iştirakçıları arasında əsas və strateji yüklər üçün məlumat mübadiləsini qurmaq və proqnozlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolları arasında ortamüddətli planlama xidməti qurulub. Bu xidmət dəhliz vasitəsilə daşımaların həcminin artması zamanı qovşaqlar arasında tranzit axınları bərabər paylamağa imkan verir”.

ADY sədrinin müşaviri əlavə edib ki, Orta Dəhlizin əsas qolu olan Bakı–Tbilisi–Qars (BTQ) layihəsi üzrə də işlər davam edir: “Bu yolun Gürcüstan seqmentinin genişləndirilməsi işləri bir neçə aya başa çatacaq. Beləliklə, BTQ üzrə buraxılış gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”.

Forumun keçirilməsində məqsəd Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Avropa ilə Mərkəzi Asiya arasında multimodal, müasir, rəqabətqabiliyyətli, rəqəmsal və daha sürətli marşruta çevirmək, Orta Dəhliz üzrə fəaliyyəti və investisiyaları koordinasiya etməklə regionda nəqliyyat əlaqəsini gücləndirməkdir.

Geri qayıt