Birxeber.az / Mədəniyyət Nazirliyi yanında Ekspert şurası yaradılıb

Mədəniyyət Nazirliyi yanında Ekspert şurası yaradılıb

21-01-2024, 12:40

Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir.

Yanvarın 18-də Ekspert şurasının ilk iclası təşkil olunub. Qeyd edilib ki, repertuar üçün təqdim olunan layihələr müvafiq teatrların fəaliyyət istiqamətlərinə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına uyğun olmaqla yanaşı, sahə üzrə qabaqcıl təcrübəyə əsaslanmalı, keyfiyyət amilinə diqqət yetirilməlidir. Layihələrin rejissor həllinin, rəssam şərhinin müasir dövrün tələblərinə cavab verməsi önəmli məsələdir. Repertuar seçimi zamanı Azərbaycan dilinin, mədəni dəyərlərimizin qorunması, inkişafı və zənginləşdirilməsi, cəmiyyətin bədii-estetik zövqünün formalaşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi kimi məqamlar nəzərə alınmalıdır.

İclasda həmçinin bildirilib ki, layihələr hazırlanarkən ideyanın düzgün əsaslandırılması, məqsəd və vəzifələrinin aydınlığı, habelə mövzusunun aktuallığı və mədəniyyətin inkişafı ilə bağlı prioritet istiqamətlərə uyğunluğu diqqət göstərilməli məqamlardır.

Bildirək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılan Ekspert şurasına Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov rəhbərlik edir.

Şurada Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirlinin də yer aldığı doqquz nəfər üzv təmsil olunur, həmçinin ekspertlərin sırasında sosioloq, psixoloq və teatr rəssamları da yer alıb.

Geri qayıt