Birxeber.az / Azərbaycanda avtomobillərin utilizasiyasına görə güzəşt və ödənişlər necə veriləcək?

Azərbaycanda avtomobillərin utilizasiyasına görə güzəşt və ödənişlər necə veriləcək?

31-01-2024, 17:40

Sabahdan Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyasına başlanılacaq.

"Report" xəbər verir ki, nəqliyyat vasitələrini utilizasiyaya verənlər yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrini satın aldıqda onlara həmin yeni nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq ediləcək.

Eyni zamanda şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala biləcək.

Təsdiqedici sənəd alınmalıdır

Güzəşt və ya birdəfəlik ödəniş məbləğlərini əldə etmək üçün nəqliyyat vasitələrini utilizasiyaya verənlərə utilizatorlar tərəfindən öncədən təsdiqedici sənəd təqdim olunacaq. Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə yalnız bir təsdiqedici sənəd veriləcək və bu sənəd verildiyi gündən 3 il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulacaq.

Güzəşt məbləği necə hesablanacaq?

Güzəşt məbləğləri kvadrisikl və təkərləri dörddən az olan “L” təsnifatlı nəqliyyat vasitələri üçün 200 manat, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunan “M 1” və “M 1 G” təsnifatlı nəqliyyat vasitələri üçün 1 500 manat, icazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunan “N 1” və “N 1 G” təsnifatlı nəqliyyat vasitələri üçün 1 500 manat, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə edilən “M 2” və “M 2 G” təsnifatlı nəqliyyat vasitələri üçün 2 000 manat, icazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunan “N 2” və “N 2 G” təsnifatlı nəqliyyat vasitələri üçün 2 000 manat, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunan “M 3” və “M 3 G” təsnifatlı nəqliyyat vasitələri üçün 3 000 manat, icazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə edilən “N 3” və “N 3 G” təsnifatlı nəqliyyat vasitələri üçün 3 000 manat, “T, “TK” və “TT” təsnifatlı təkərli və tırtıllı traktorlar üçün 2 000 manat, “H” və “HT” təsnifatlı mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər üçün 3 000 manat, “HK” təsnifatlı meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar üçün 3 000 manat təşkil edəcək.

Satıcılar güzəşt məbləğindən imtina edə bilməz

Güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmayacaq. Utilizasiyaya verilən müxtəlif nəqliyyat vasitələrinə görə verilmiş, qüvvədə olan və istifadə edilməmiş təsdiqedici sənədlər əsasında əldə edilən güzəşt məbləğlərinin cəmlənməklə istifadəsinə yol verilməyəcək. Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilə bilməz.

Güzəştin verilməsi neçə gün çəkir?

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satışı təsdiqedici sənədlər əsasında güzəşt tətbiq edilməklə həyata keçirildikdə nəqliyyat vasitələrinin satıcıları 3 iş günü müddətində alqı-satqını rəsmiləşdirən sənədlərin və təsdiqedici sənədlərin surətlərini, habelə onların tətbiq edildiyi nəqliyyat vasitələri barədə məlumatları (ban, şassi, mühərrik nömrəsi) operatora göndərməlidirlər.

Nəqliyyat vasitələrinin satıcıları qeyd olunan sənədlərin təqdim edildiyi gündən 30 iş günü müddətində müvafiq güzəşt məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan nəqliyyat vasitələrinin satıcılarının hesabına köçürülməsini təmin edəcək. Tətbiq edilən güzəşt məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda güzəşt məbləğinin artıq olan hissəsi nəqliyyat vasitələrinin satıcılarına ödənilməyəcək.

Birdəfəlik ödənişlər necə veriləcək?

Birdəfəlik ödənişin məbləği yuxarıda qeyd edilən müvafiq güzəşt məbləğlərinin 70 %-i həcmində müəyyən ediləcək.

Aşağıdakı nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri dövlət büdcəsinə köçürüləcək:

- dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan;

- “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən.

Proses müddəti 30 gündür

Operator müvafiq təsdiqedici sənəd ona təhvil verildiyi gündən 30 iş günü müddətində birdəfəlik ödəniş məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan aidiyyəti üzrə təsdiqedici sənədi təqdim edən şəxsin hesabına və ya dövlət büdcəsinə köçürülməsini təmin edəcək və ödənişin həyata keçirilməsi barədə sənədi təsdiqedici sənədi təqdim edən şəxsə verəcək.

Fond hansı mənbələr hesabına formalaşacaq

“Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”na əsasən, hər il nəqliyyat vasitələrinin dövlət texniki baxışı zamanı utilizasiya haqqı ödəniləcək.

Belə ki, nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.

Gömrük rəsmiləşdirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği: minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda – 700 manat təşkil edir.

Geri qayıt