Birxeber.az / Ermənistan inqilabi dəyişiklik yolunda - nicat daxili böhrandan keçə bilər - ŞƏRH

Ermənistan inqilabi dəyişiklik yolunda - nicat daxili böhrandan keçə bilər - ŞƏRH

31-01-2024, 16:40

İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin qurulmasında mane olan əsas amil Qarabağın işğal faktı olub. Məhz Qarabağın işğal altında olması regionda sabitlik və sülh perspektivini sual altına salmaqla yanaşı, həm də İrəvan-Ankara arasında "buzların əriməsinə" əngəl yaradıb. Çünki Türkiyənin şərti aydın idi: işğal amili aradan qalxsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın!

2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə birgünlük antiterror əməliyyatlarından sonra bu məsələ həllini tapdı, işğal faktı aradan qalxdı, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan etdi. Bu isə gözlənildiyi kimi, İrəvan-Bakı və İrəvan-Ankara münasibətlərinin normallaşması istiqamətində müsbət addımlara səbəb oldu. Lakin bunlara baxmayaraq, iki ölkə arasında hələ də sülh sazişi imzalanmayıb. Sülh prosesinin Ermənistan tərəfindən süni şəkildə uzadılması onu göstərir ki, bu dövlətin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları tamamilə aradan qalxmayıb.

Təsadüfi deyil ki, Ermənistanın dövlət atributlarında - himn, gerb və konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı açıq-aydın ərazi iddiaları var. Bu isə o deməkdir ki, İrəvanın loyal açıqlamaları sadəcə sözdədir. Əlbəttə, nə qədər ki Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları kökündən həll olunmayıb, münasibətlərin normallaşması prosesi sona qədər uğurla davam edə bilməz.

Deyəsən, Ermənistan hakimiyyəti bu reallığı da tədricən anlamağa başlayır. Ölkə parlamentinin sədri Alen Simonyan yanvarın 30-da deyib ki, Ermənistan himni dəyişdirilməlidir. O bildirib ki, himn milli deyil və erməni musiqisinə, qaydalarına uyğun olmalıdır. Parlament sədri, həmçinin teleqram kanalında yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır. Bu gün isə A.Simonyan qeyd edib ki, regionda baş verən geosiyasi dəyişiklər yeni konstitusiyanın qəbulunu zəruri edib.

Maraqlıdır ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan da ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu qeyd etmişdilər. Doğrudur, rəsmilər bunun birbaşa Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı olduğunu deməyiblər. Amma bu, təəccüblü olmamalıdır. İrəvan bunu açıq formada deyə bilməz. Bu, daxildə çox ciddi narazılıqlara səbəb ola bilər. Odur ki, rəsmi İrəvan inqilabi hesab olunan dəyişikləri bir növ xalqa, xüsusilə müxalifətə “həzm etdirmək” istəyir.

Ehtimal edilən dəyişikliklərin ağrılı proses olacağını indidən proqnozlaşdırmaq olar. Belə ki, bu gün Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan dəyişikliklər barədə qərarın qəbul edilmədiyini deyib və bu məsələyə etirazını bildirib.

Yerli “Hraparak” nəşri isə yazıb ki, hakim “Vətəndaş müqaviləsi” partiyası konstitusiya dəyişikliyi ilə bağlı N.Paşinyana etiraz edir.

İki versiya var; birincisi və daha ağlabatanı budur ki, sözügedən məsələ Ermənistan siyasi hakimiyyətində, doğrudan da, ciddi fikir ayrılığına səbəb olub. Əgər belədirsə, bu gərginliyin gələcəkdə daha da artması gözləniləndir. İkinci ehtimal isə budur ki, narazılıqlar sadəcə şoudur. Ola bilsin, mövcud iqtidar ictimai rəydən qorxduğu üçün birdən-birə qəti addım atmaq istəmir.

Əsas məsələ budur ki, Ermənistan gerbi, himni və konstitusiyasındakı müəyyən amillər, o cümlədən “Böyük Ermənistan” ambisiyası, Ağrıdağa iddia və s. sülh və əməkdaşlıq mühiti üçün “mina”dır. Nə qədər ki, Ermənistanın atributlarında bu ərazi iddiaları qalıb, o vaxtadək sülh və əməkdaşlığın davamlılığından, etibarlılığından danışmaq olmaz.

Əgər Ermənistan rəsmiləri iddia etdikləri kimi, sülhdə və regional əməkdaşlıqda səmimidirlərsə, onda hər nə qədər riskli olsa da, inqilabi dəyişikliklərə getməlidirlər.

Ehtimal etmək olar ki, dövlət atributlarının dəyişdirilməsi ilə bağlı siyasi hakimiyyətin tələbləri bundan sonra da davam edəcək. Rəsmi İrəvan bu məsələdə qətiyyətli olmasa idi, belə ciddi, hətta ölkə daxilində vətəndaş müharibəsinə səbəb ola biləcək məsələni gündəmə gətirməzdi.

Həm də daha qarşı tərəf üçün başqa yol yoxdur. Bu, yeganə nicat yoludur. Düzdür, sözügedən dəyişikliklər zaman ala, Ermənistan daxilində xaosla nəticələnə bilər. Ancaq N.Paşinyan dövlətinin uzaq perspektivi üçün bu çətinliyə dözməlidir. Əks halda, Ermənistanın gələcəyi daha çətin olacaq.

İkinci bir tərəfdən isə ehtimal olunan dəyişikliklərdən sonra yarana biləcək daxili kataklizmə görə də məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır. Çünki bu qərar əslində çoxdan qəbul edilməli idi.

Geri qayıt