Birxeber.az / Vüsal Qasımlı : "Ötən il "Bir Pəncərə" üzərindən 5 ölkəyə 240 milyon dollardan çox ixrac həyata keçirilib"

Vüsal Qasımlı : "Ötən il "Bir Pəncərə" üzərindən 5 ölkəyə 240 milyon dollardan çox ixrac həyata keçirilib"

31-01-2024, 13:40

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi xətti ilə 2023-cü ildə ümumilikdə 5 ölkəyə - İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyaya 242,9 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

"Birxeber.Az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, ixrac edilmiş məhsullar isə əsasən qiymətli metallar, süd məhsulları, qənnadı məhsullar, polad boru və pambıq mahlıcı olub.

V.Qasımlı ötən ildə də İİTKM-in "beyin və əməl" mərkəzi kimi fəaliyyətini davam etdirdiyini, hesabat ili ərzində qurumun qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməklə yanaşı, bir sıra yeniliklər etdiyini bildirib:

"Artıq Mərkəzdə tam təkmil monitorinq və qiymətləndirmə institutu formalaşıb və bu proses elektronlaşdırılıb. Ötən ildən etibarən monitorinq və qiymətləndirmə prosesində süni intellektin imkanlarından da istifadə edilməyə başlanıb. Artıq monitorinq portalları üzrə informasiyanın daha asan əldə olunması üçün bot texnologiyasının sınaq tətbiqi həyata keçirilib və ilkin mərhələdə uğurlu nəticə əldə olunub. Ötən il 10 dövlət sənədi, o cümlədən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və digər sənədlər üzrə 6 hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim edilib"

V.Qasımlı qeyd edib ki, ötən il ilk dəfə olaraq, İİTKM-də Qiymət İzləmə Tətbiqinin (QİT) hazırlanmasına başlanıb:

"Bu çərçivədə Nazirlər Kabineti tərəfindən alt işçi qrup yaradılıb, QİT-in metodologiya və texniki şərti hazırlanıb, aidiyyatı dövlət qurumlarının müvafiq məlumatlarının inteqrasiyası istiqamətində işlərə başlanıb. QİT sayəsində ölkədə idxal-topdansatış-pərakəndə satış zənciri boyunca məhsulların qiymətindəki dəyişikliklərə elektron nəzarət həyata keçirilə biləcək".

"Azexport.az" portalının fəaliyyətindən danışan V.Qasımlı ötən il bu portal vasitəsilə 56 sərbəst satış sertifikatının təqdim edildiyini və bununla da bu sertifikatların ümumi sayının 689-a çatdığını bildirib:

"Bu il həmçinin "Azexport" vasitəsilə ölkədaxili məhsul-çatdırma xidməti istifadəyə verilib. Eləcə də, "Azexport"un xətti ilə ilk dəfə ABŞ-a məhsul ixrac olunub. "Azexport"un daha bir yeniliyi isə "Metaverse" platformasında 10 şirkət və yerli media qurumları üçün virtual stend və konfrans zalının quraşdırılması olub".

V.Qasımlı hesabat ilində İİTKM-in operatoru olduğu "Enterprise Azerbaijan" portalının startaplarla bağlı önəmli layihələr həyata keçirdiyini bildirib:

"Bu çərçivədə təşkil olunmuş və uğurla başa çatmış "Startup School-1" müsabiqəsinə ümumilikdə 200 komanda, yəni əxminən 1000 nəfər müraciət edib. Onların arasından seçilmiş 30 komandaya 10 beynəlxalq dərəcəli mentorun iştirakı ilə təlimlər keçirilib. Müsabiqənin qalibi olmuş komandanın isə ABŞ-da I2B təlimlərində iştirakı təmin olunub. Ümumilikdə isə "Enterprise Azerbaijan"a müraciət etmiş 33 layihə investorlara təqdim olunub, 8-i xarici bazara çıxarılıb, 5-i isə beynəlxalq yarışlarda qalib olub".

V.Qasımlı əlavə edib ki, ötən il Mərkəz 3 nüfuzlu qurumla, yəni İƏT-in İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi; Pakistan Xarici Əlaqələr Şurası; Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu ilə memorandum imzalayıb: "Bu sənədlər qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini, həmçinin ortaq tədqiqatların aparılmasını ehtiva edir. Eyni zamanda İİTKM ötən il də könüllülərlə aktiv işləyib, daha 95 nəfər könüllü fəaliyyətinə cəlb edilib və bununla könüllülərin sayı 541-ə çatdırılıb".

Geri qayıt