Birxeber.az / Mahnı üstündə DSX gizirini qətlə yetirməyə görə tutulanların məhkəməsində zərərçəkən ifadə verib

Mahnı üstündə DSX gizirini qətlə yetirməyə görə tutulanların məhkəməsində zərərçəkən ifadə verib

31-01-2024, 12:50

Restoranda baş verən davada Vətən müharibəsi iştirakçısını öldürməkdə təqsirləndirilən - İlqar Abdurahmanov və Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Camal Həsənov ifadə verib. O, hadisə günü barədə danışıb. İfadəsi zamanı C. Həsənov hadisə zamanı ona 4 bıçaq zərbəsi dəydiyini deyib:

"Hadisə günü restoranda oturmuşduq. Cəsarət Vəliyevlə qəlyan sifariş verdik. Sonra rəhmətlik mahnı sifariş etdi. Mahnı çalınmadı. Aramızda yüngül problem oldu. Mən girdim araya sakitləşdirdim. Sonra tanımadığım adamlar üstümüzə gəldi. Restoranın içində əlbəyaxa dava düşdü. Bir müddət sonra gördüm rəhmətliyin alnından qan gəlir. Başı dəmirə dəymişdi. Dedim ki, gedib su alın gətirin. Cəsarət su gələnə qədər sakitləşmişdi. Durdum ayağa Orxangilin yanına getdim, aranı sakitləşdirmək istəyirdim. Dedim ki, diceylə aramızda problem olub, həll etmişik, gəlin, söhbəti bağlayaq. Orxan deyirdi ki, söyüş olub ona görə vuracam, kəsəcəm. Orxan sakitləşmədi. Sonra yenə əlbəyaxa dava düşdü. Orxan Cəsarəti vurdu. Cəsarət yıxıldı, məni də tutub apardılar. Birdən Cəsarətin qışqırığın eşitdim. Ona tərəf gedəndə Orxan təpiklə 2-3 dəfə Cəsarəti vurdu. Orxangil qaçıb getdilər. Sonra Cəsarəti xəstəxanaya apardım. Dava vaxtı bilməmişəm məni də bıçaqla vurmuşdular".

Növbəti məhkəmə prosesi fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il matın 16-da qətlə yetirilən Cəsarət Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub.

Hadisə xidmətdən kənar vaxtda, metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.

Geri qayıt