Birxeber.az / Səfir: Azərbaycan bu gün tam müstəqil xarici siyasətə malikdir

Səfir: Azərbaycan bu gün tam müstəqil xarici siyasətə malikdir

31-01-2024, 04:40

Azərbaycan bu gün tam müstəqil xarici siyasətə malikdir.

"Report"un yerli bürosu bildirir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə respublikamızın Fransadakı səfirliyi, UNESCO yanında Daimi nümayəndəliyinin dəstəyi, Azərbaycanın Fransada Dostları Assosiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş konsertdə deyib.

Azərbaycan Mədəniyyət Mərkəzində pianoçumuz, bəstəkar Riad Məmmədovun ifasında keçirilən konsertdə diplomatik korpusun nümayəndələri, vəkillər, professorlar, iş adamları, jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri sovet imperiyasının süqutunu sürətləndirən qanlı 20 Yanvar faciəsinin milli və mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb, bunun ölkəmizin müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib. Diplomat Azərbaycanın bu gün tam müstəqil xarici siyasətə malik olduğunu, öz torpaqlarını işğaldan azad edərək sərhədlərinin bərpasına qadir olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev elə bir çətin tarixi dönəmdə xalqımızın iradəsini qırmağın mümkün olmamasından, Azərbaycan xalqının öz müstəqillik əzmini nəinki SSRİ-də, bütün dünyaya nümayiş etdirməsindən danışıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlığından da bəhs edib.

Konsertdə bir sıra beynəlxalq və azərbaycanlı bəstəkarların əsərləri səsləndirilib. Azərbaycanlı bəstəkarlardan Vaqif Mustafazadə, Rauf Məmmədovun əsərləri ifa olunub.

Geri qayıt