Birxeber.az / Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib

Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib

30-01-2024, 20:40

Hindistanın Kerala ştatında məhkəmə üç il əvvəl törədilən qətlə görə 15 nəfəri ölüm cəzasına məhkum edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

2021-ci ildə bir qrup şəxs qabaqcadan əlbir olaraq "BJP OBC Morcha" partiyasının yerli şöbəsinin katibi Ranjit Srinivasanın evinə soxularaq onu anası, həyat yoldaşı və qızının gözü qarşısında öldürüblər. Hücum edənlərin qadağan olunmuş Hindistan Xalq Cəbhəsi qrupunun və onun siyasi qolu olan Hindistan Sosial Demokrat Partiyasının üzvləri olduğu üzə çıxıb. Daha sonra onların hamısı saxlanılıb.

İttiham tərəfi onlara maksimum cəza istəyib.

Qeyd edək ki, Hindistanda ölüm cəzası ölkənin Cinayət Məcəlləsinə görə, qətl, terrorizmlə əlaqəli cinayətlər, zorlama, adam oğurluğu, narkotik ticarəti və casusluq üçün tətbiq edilir. Hazırda Hindistanda ölüm hökmündə olan 480-dən çox məhbus var. Sonuncu dəfə ölüm hökmü 2020-ci ilin martında icra olunub.

Geri qayıt