Birxeber.az / Polşalı politoloq: “Paşinyan öz maraqlarına görə Cənubi Qafqazda sülhü qurban verir”

Polşalı politoloq: “Paşinyan öz maraqlarına görə Cənubi Qafqazda sülhü qurban verir”

30-01-2024, 16:40

Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesini sürətləndirmək məqsədi daşımır, əksinə, bu, sırf onun şəxsi maraqları naminə edilib.

Bu barədə “Birxeber.Az”a Polşanın Avrasiya Araşdırmaları Mərkəzinin AVİM əməkdaşı, postsovet problemləri sahəsində ekspert Yakub Koreyba məlumat verib.

Onun sözlərinə görə, rəsmi İrəvanın Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvəti qarşılıqlı öhdəlikləri qəbul etməyə deyil, daha çox Paşinyanın siyasi baxımdan sağ qalmasına yönəlib: “Onun üçün bu, özünə vaxt qazanmaq və məğlubiyyətin rəsmi etirafından qaçmaq şansıdır”.

Cənubi Qafqaz regionunda mövcud vəziyyəti şərh edən ekspert vurğulayıb ki, sülh sazişinin imzalanması yeganə ağlabatan seçimdir və onun alternativi yoxdur: “Alternativ müharibədir ki, bu da bütün tərəflər üçün daha pis nəticələrə gətirib çıxaracaq. Xüsusən də nə fiziki, nə maddi gücü və vasitələri olan ermənilər üçün mənfi nəticələnəcək”.

Politoloq prosesin ləngiməsinə baxmayaraq, nəhayət Cənubi Qafqazda sülhün bərqərar olacağını vurğulayıb: “Artıq Qarabağa sülh gəlib. Yəni regionda yeni reallığın olması yaxşıdır. Sülh Cənubi Qafqazın bütün ölkələrinə fayda gətirəcək və üstəlik, nəhayət, regiona xas olan böyük potensialı reallaşdıra biləcək”.

Geri qayıt