Birxeber.az / Fransada hökumətə etiraz edən fermerlər Parisin “mühasirəsini” davam etdirirlər

Fransada hökumətə etiraz edən fermerlər Parisin “mühasirəsini” davam etdirirlər

30-01-2024, 14:50

Fransada hökumətə etiraz edən fermerlər Parisin “mühasirəsini” davam etdirirlər.

Birxeber.Az “France 24”ə istinadən xəbər verir ki, fermerlər asta sürətlə hərəkət edən yüzlərlə traktor və kombaynlarla, həmçinin, ot bağlamaları ilə Parisə gedən yolları ikinci gündür ki, bağlı saxlayır. Bəzi etirazçıların özü ilə qida ehtiyatı, su və çadırlar götürərək barrikadaları qoruduğu bildirilir.

Məlumata görə fermerlər bu yolla Ukrayna müharibəsi fonunda çətin vəziyyətə düşən fermer təsərrüfatının gələcəyi ilə bağlı hökumətə təzyiq göstərməyə çalışır.

Fransanın nüfuzlu kənd təsərrüfatı birliyi olan FNSEA-nın prezidenti Arnaud Russo bildirib ki, etirazçıların məqsədi Fransa xalqının həyatını məhv etmək ya da onları narahat etmək deyil, hökuməti təzyiq altında qoyaraq böhrandan sürətli çıxışa nail olmaqdır.

Fransa hökuməti etirazçıların paytaxta daxil olmasının qarşısını almaq məqsədilə əksəriyyəti Parisə olmaqla 15 min polisi səfərbər etdiyini bəyan edib. Parisin əsas meyvə-tərəvəz habı olan Rungis bazarında isə zirehli avtomobillər keşik çəkir.

Parisin nəqliyyat rəsmiləri şəhərin əsas beynəlxalq hava limanının şimalındakı A1 magistralının bloklandığını bildirib.

6 aya Yay Olimpiya Oyunlarana ev sahibliyi edəcək Parsin əsas yollarının bloklanmasının, eləcə də Fransanın digər bölgələrində keçirilən etirazların yeni Baş nazir Qabriel Attalı daha bir çətin həftə ilə üz-üzə qoyduğu qeyd olunub. Attal hökumətinin bu gün fermer ittifaqları ilə danışıqlardan sonra onların lehinə yeni tədbirlər elan edəcəyi gözlənilir.

Etirazçılar Fransanın geniş şəkildə subsidiyalaşdırılmış fermer sektorunun həddindən artıq tənzimləndiyini və kənd təsərrüfatı xərclərinin az olduğu, daha az məhdudiyyətlərin tətbiq edildiyi ölkələrdən ərzaq idxalının yerli təsərrüfata ziyan vurduğunu bildirirlər.

Qeyd edək ki, bazar ertəsi günü taksi sürücüləri də “asta sürmək etirazı” keçirərək Parisin küçələrində, eləcə də ölkənin digər bölgələrində xaotik vəziyyət yaradıblar. Bununla əlaqədar rəsmilər sakinləri mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

Geri qayıt