Birxeber.az / "Dirijorları" Ermənistanı qaranlıq tərəfə yönəldir - Akar Bakıdan mühüm mesajlar verdi - ŞƏRH

"Dirijorları" Ermənistanı qaranlıq tərəfə yönəldir - Akar Bakıdan mühüm mesajlar verdi - ŞƏRH

30-01-2024, 14:40

Son zamanlar Ermənistan Azərbaycanla sülh sazişi, regional əməkdaşlıqla bağlı loyal açıqlamalar verir. Bu, əlbəttə, yaxşı haldır. Eyni zamanda rəsmi Bakının atdığı addımların nəticəsidir.

2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatları nəticəsində Cənubi Qafqazda sülh üçün yeni imkan yaranıb. Qarabağda Azərbaycanın suverenliyinin tam təmin olunması regional əməkdaşlıq üçün ciddi fürsətə çevrilib. Lakin rəsmi Bakının bütün cəhdlərinə rəğmən, hələ də İrəvanla sülh sazişi imzalanmayıb. Ona görə ki, Ermənistan rəsmiləri “köhnə adətlərdən” əl çəkmir, zaman-zaman “suları bulandırmağa” çalışırlar. Bunun əsas səbəbi İrəvanın üçüncü güclərin təsiri altında olmasıdır. Bölgədə maraqlı olan və öz ambisiyaları naminə Cənubi Qafqazda sülhü istəməyən güclərin sifarişi yerinə yetirən İrəvan əslində özü-özünü uçuruma aparır.

Artıq Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan da çətin durumda olduqlarını, yeni təhlükəsizlik mexanizmlərinə ehtiyac olduğunu etiraf edirlər. Çünki müttəfiqləri Ermənistanın ümidini doğrultmur. Görünür, N.Paşinyan hakimiyyəti artıq müttəfiqlərin Ermənistandan öz maraqları naminə istifadə etdiyini anlamağa başlayıb.

Baş nazir yanvarın 28-də ordu günü ilə əlaqədar çıxışı zamanı Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. Bu, əslində Ermənistanın tarixi etirafı idi. Görünür, N.Paşinyan bilir ki, sülh sazişinin yaxın gələcəkdə imzalanması üçün lazımi gücə malik deyil. Anlayır ki, proses uzanacaq. Ona görə də təhlükəsizlik paktı təklifi ilə bir növ özünü sığortalamaq və özünü beynəlxalq ictimaiyyətə regional əməkdaşlıqda maraqlı, səmimi oyunçu kimi göstərmək cəhdidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yanvarın 29-da N.Paşinyanın bu iddialarına münasibət bildirdi. O qeyd etdi ki, Ermənistanın baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır. Əslində, Paşinyanın açıqlamasını başqa cür qiymətləndirmək də olmaz. Bu, faktiki olaraq vaxt uzatmağa cəhddir. Və istisna deyil ki, bu məsələdə “dirijor”ların da rolu az deyil.

Azərbaycanda səfərdə olan Türkiyənin keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) müdafiə komitəsinin sədri Hulusi Akar yanvarın 29-da Şəhidlər Xiyabanını ziyarət zamanı jurnalistlərə açıqlamasında dedi ki, Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq. O, nəinki İrəvana, həm də Ermənistana havadarlıq etmək istəyən güclərə mesaj verdi, Türkiyənin baş verənlərin fərqində olduğunu diqqətə çatdırdı. H.Akar vurğuladı ki, Ermənistanı proksi dövlətə çevirmək istəyənlər var: “Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir. Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır. Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”.

Maraqlıdır ki, keçmiş nazirin təbirincə desək, Ermənistanı proksi dövlətə çevirmək istəyənlər həm də vasitəçilik iddiasında olduqlarını bildirən oyunçulardır. Bu isə tamamilə məntiqsiz olmaqla yanaşı, həm də həmin aktorların qeyri-səmimiliyinin göstəricisidir.

Ermənistan ondan "maşa" kimi istifədə edən güclərin hər birini – Fransanı, ABŞ-ni, Aİ-ni, Rusiyanı, İranı qane etməyə çalışmaqla əslində bir neçə stulda oturur. Bununla da öz işini çətinləşdirir. Çünki üçüncü güclərin Ermənistan üzərində rəqabəti güclənir, tərəflərin hər biri daha çox diktə etmək istəyir. Nəticə etibarı ilə Ermənistan getdikcə poliqona çevrilir.

İrəvan hakimiyyətinin təhlükəsizlik təminatından, müttəfiqlərdən şikayət etdiyi bir vaxtda yeganə “işıq gələn tərəf” Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, regional əməkdaşlıqdır. Yalnız bu halda rəsmi İrəvan kənar güclərin təzyiqindən xilas olar və yeni, etibarlı təhlükəsizlik çətirinin altına girər.

Geri qayıt