Birxeber.az / “Çovdar” yatağının birinci fazası üzrə qızıl hasilatının həcmi açıqlanıb

“Çovdar” yatağının birinci fazası üzrə qızıl hasilatının həcmi açıqlanıb

30-01-2024, 14:40

Daşkəsən rayonunda yerləşən “Çovdar” yatağının birinci fazası – oksid mərhələsi üzrə 243,4 min unsiya həcmində qızıl hasil edilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda “Çovdar” yatağının ikinci fazası – sulfid mərhələsi və cinah yataqları üzrə hasilata başlanılıb: “Faydalı komponentin çıxarılmasına təsir edən xüsusiyyətlərə görə, filizlər oksid və sulfid filizləri olmaqla iki cür təsnifatlandırılır. Oksid filizləri sulfidli filizlərin təbii proseslər nəticəsində aşınması ilə əmələ gəlmiş, tərkibindəki qızıl və gümüşün nisbətən sərbəstləşdiyi filizlərə deyilir. Eyni zamanda oksid və sulfid filizləri arasında aralıq filizləri də var ki, onlar elmi ədəbiyyatda “tranzit” filizləri adlandırılır”.

Z. İbrahimov qeyd edib ki, oksid filizlərindən qızıl və gümüşün çıxarılması topa qələviləşdirmə (HLP – Heap leach pad) üsulu əsasında, müəyyən ölçüdə xırdalanma və məhlulla çökdürülmə yolu ilə həyata keçirilir: “Lakin qismən tranzit (oksid-sulfid qarışıqlı filizlər) və xüsusən sulfid filizlərində bu metodun tətbiqi zamanı qızıl çıxımı dərəcəsi aşağı düşdüyü – təqribən 50 % təşkil etdiyi üçün bu emal metodu iqtisadi cəhətdən rentabelli deyil. Bu səbəbdən tranzit və sulfid filizlərinin əvvəlcə süni yolla aşındırılması tələb olunur. Yalnız bundan sonra qızılın çökdürülməsi və qaneedici miqdarda çıxımının təmin edilməsi mümkün olur”.

Qeyd edək ki, “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Cəmiyyət tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri ilə paralel həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində yatağın satılabilən qızıl ehtiyatı 535 min unsiyaya çatdırılıb. Həmçinin, geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilib, müasir dönəmdə məhz geoloqları tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq, 778 min unsiyaya çatdırılıb. Bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi satılabilən ehtiyat bazasının 4 dəfədən çox artırılmasına nail olunub.

Geri qayıt