Birxeber.az / Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib

30-01-2024, 13:50

Bu gün Naxçıvanın Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.

Tofiq Həsənovun onlayn qaydada qatıldığı məhkəmədə şahidlər ifadələrində onu şəxsən tanımadıqlarını bildiriblər.

İfadələrdə qeyd olunub ki, onlar birbaşa ya özləri, ya da yaxınları vasitəsilə işə düzəlmək üçün tələb olunan vəsaiti Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə veriblər.

Qoşqar Əliyev şahidlərin ifadələrində dediklərini təsdiq edib və bildirib ki, pulları tapşırıq əsasında aldığını, hamısını xidmət rəisinə verdiyini bildirib.

Tofiq Həsənov isə Qoşqar Əliyevə belə bir tapşırıq vermədiyini və ondan pul almadığını deyib.

Proses fevralın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Geri qayıt