Birxeber.az / Audiovizual Şura 50 min manatdan artıq vəsaiti dövlət büdcəsinə qaytarıb

Audiovizual Şura 50 min manatdan artıq vəsaiti dövlət büdcəsinə qaytarıb

30-01-2024, 13:50

Azərbaycan Respublikası Audiovizual Şurasının 2023-cü il üzrə Maliyyə Hesabatı açıqlanıb.

Şuradan Birxeber.Az-ya verilən xəbərə görə, Audiovizual Şuraya hesabat ilində illik plana əsasən, dövlət büdcəsindən 2.654.037,00 (iki milyon altı yüz əlli dörd min otuz yeddi manat), nəqliyyat vasitələrinin icbari sığortası üçün 1.021,10 (bir min iyirmi bir manat on qəpik), yeni xidməti minik avtomobilinin alınması üçün isə əlavə olaraq 57.800,00 (əlli yeddi min səkkiz yüz manat), ümumilikdə 2.712.858,10 (iki milyon yeddi yüz on iki min səkkiz yüz əlli səkkiz manat on qəpik) vəsait ayrılıb. İl ərzində bu vəsaitdən 2.281.120,10 (iki milyon iki yüz səksən bir min yüz iyirmi manat on qəpik) maliyyələşdirilib, 2.231.048,36 (iki milyon iki yüz otuz bir min qırx səkkiz manat otuz altı qəpik) vəsait isə istifadə olunub. İlin sonunda Maliyyə Nazirliyi tərəfindən ilkin plana dəqiqləşdirmə verilib və dəqiqləşdirilmiş büdcə 2.231.048,36 (iki milyon iki yüz otuz bir min qırx səkkiz manat otuz altı qəpik) olub. Maliyyələşdirilmiş vəsaitdən istifadə olunmayan 50.071,74 (əlli min yetmiş bir manat yetmiş dörd qəpik) vəsait isə dövlət büdcəsinə qaytarılıb.

Dövlət büdcəsindən ayrılmış vəsaitə və işçilərin say həddinə uyğun ştat cədvəli tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunub və açılmış kreditdən istifadə olunub.

Audiovizual Şura tərəfindən 19 iyun–02 avqust 2023-cü il tarixlərində keçirilmiş müsabiqə üzrə cəmi 100,00 (bir yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsait müsabiqə ilə bağlı məlumatların mətbuatda dərc olunmasına sərf olunub. Bundan başqa, cari ildə verilmiş lisenziyalardan Şuranın xəzinə hesabına ümumilikdə 45.500,00 (qırx beş min beş yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

2023-cü ilin yanvar ayından etibarən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı sənədi, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərclərə və tələbata uyğun olaraq Xəzinədarlıq İdarəsinə təqdim olunub.

Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə əsasən, işçilərə əmək haqqı və digər sosial ödənişlər vaxtında ödənilib. Ştatdankənar işçilərlə (ekspert qrupu) bağlanmış müqaviləyə uyğun olaraq aylıq əməkhaqqı ödənişləri vaxtında həyata keçirilib. Əmək haqqından tutulmuş üzvlük haqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta, gəlir vergisi) də vaxtında hesablanaraq ödənilib. Xərc maddələri üzrə: inzibati binanın icarəsi, rabitə xərcləri, işıq, qaz və sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətlərinə görə ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Hesabat ilində limitə uyğun lazımi dəftərxana ləvazimatları, təsərrüfat malları, texniki vəsitələr və avadanlıqlar alınaraq istismara verilib.

Aylıq hesabatlar Audiovizual Şura tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə, rüblük hesabatlar Azərbaycan Respublikası Hesablama Palatasına, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə, illik hesabatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilib. “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları”na uyğun hesabatlar isə müvafiq formalara uyğun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Hesablama Palatasına təqdim olunub.

Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin 01 noyabr 2023-ci il tarixli 011/S saylı Sərəncamına əsasən, əmlakın inventarlaşdırılması məqsədi ilə yaradılmış komissiya tərəfindən 30.12.2023-cü il tarixinə mal-materialın, əmlakın (qiymətlilərin) inventarizasiyası aparılıb. Köhnəlmiş, istifadəyə yararsız inventarların, mal-materialların və əmlakın (qiymətlilərin) ləğvi aktı tərtib olunub.

Audiovizual Şuranın 2023-cü ildə xərc maddələri üzrə maliyyələşmə və faktiki xərcləri əlavə cədvəldə təqdim olunub:

2023-MALİYYE-HESABATİ-only-table.pdf

Geri qayıt