Birxeber.az / Qərb Regional Futbol Federasiyasının prezidenti hədəfləri açıqlayıb

Qərb Regional Futbol Federasiyasının prezidenti hədəfləri açıqlayıb

30-01-2024, 13:40

“Futbolun kütləviliyi baxımından turnirlər təşkil etməyi hədəfləyirik”.

“Report”un məlumatına görə, bunu Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

Bu yaxınlarda növbəti dəfə federasiya prezidenti seçilən sabiq futbolçu ötən 5 il ərzində görülən işlər barədə məlumat verib: “Futbolun bölgəmizdə kütləviləşməsi üçün kifayət qədər iş gördük. Hər il müxtəlif səpkili turnirlər təşkil edirik. Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin, veteran futbolçu Sakit Alıyevin xatirə turnirlərini yüksək səviyyədə həyata keçirmişik. Uşaq liqalarındakı oyunları xüsusilə diqqət mərkəzində saxlayırıq”.

O, məşqçilər üçün seminarlar təşkil edildiyini söyləyib: “Məşqçilərin bilik və bacarıqlarının artırılması üçün müraciətimizə əsasən AFFA tərəfindən region məşqçilərinə C kateqoriyalı kurslar keçirildi. 20-dən çox məşqçi ilk dəfə bu kateqoriyaya yiyələndi”.

Azərbaycan millisinin keçmiş hücumçusu qərb bölgəsində istedadlı uşaqların sayının artdığını düşünür: “İstər Region Liqası, istərsə də II Liqada regionumuzu təmsil edən komandalarla sıx təmasdayıq. Mümkün qədər dəstək göstərməyə çalışırıq. Hər il daxili vəsaitimiz hesabına fərqlənən komandalar, futbolçular, məşqçilərə hədiyyələr, diplom və fəxri fərmanlar təqdim edirik. Bölgədəki komandalar əsasən top və inventarla bağlı çətinlik çəkirlər. Bu işdə də daxili imkanlarımız hesabına onlara dəstək olmuşuq”.

N.Nəbiyev qarşıdakı hədəflərdən də söz açıb: “Hədəflərimiz, məqsədlərimiz çoxdur. Bölgəmizdə futbolun inkişafı üçün daim səylə çalışacağıq. Əsas prioritetlərimizdən biri regionumuza daxil olan və uzun müddətdir ki, futbolsuz qalan Gədəbəydə uşaq futbolunu yenidən dirçəltməkdir. Orada komandanın yaradılmasına, aşağı yaş qrupları üzrə kollektivlərin formalaşdırılıb rəsmi yarışlarda iştirakına kömək etmək və yerli məşqçilərin kateqoriya kurslarında iştirakına dəstək olmaq niyyətindəyik. Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir”.

Qeyd edək ki, Nadir Nəbiyev yanvarın 21-də Qərb Regional Futbol Federasiyasının növbəti 5 il üçün prezidenti seçilib.

Geri qayıt