Birxeber.az / Azərbaycanda ötən il torpaqlarla bağlı 9 minə yaxın pozuntu aşkarlanıb

Azərbaycanda ötən il torpaqlarla bağlı 9 minə yaxın pozuntu aşkarlanıb

30-01-2024, 12:40

2023-cü ildə Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində 17 414 monitorinq keçirilib, 8 642 pozuntu aşkar edilib.

"Birxeber.Az" xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.

Onun sözlərinə görə, pozuntuların 67 %-i torpaqların tikinti məqsədilə özbaşına zəbt edilməsi, 29 %-i torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, 2 %-i torpağın münbit qatının qeyri-qanuni daşınması, 1 %-i əkin sahələrinin yandırılması, 1 %-i isə Xəzər dənizinin sahilboyu 20- 50 metrlik zolağının zəbt edilməsi ilə bağlı olub.

Bundan başqa, M.Eynullayev qeyd edib ki, ötən il aşkar olunmuş pozuntularla bağlı əvvəlki illə müqayisədə 26 % az - 1 596 protokol tərtib olunub, 24 % az - 747 min manat cərimə tətbiq edilib, Daxili İşlər Nazirliyinə 12 % az - 1 913 iş göndərilib, 75 % çox - 352 torpaq sahəsi (458,9 hektar) əvvəlki vəziyyətinə qaytarılıb.

Geri qayıt