Birxeber.az / Astaranın Süvü kəndində torpaq sürüşməsi aktivləşib - FOTO

Astaranın Süvü kəndində torpaq sürüşməsi aktivləşib - FOTO

30-01-2024, 11:50

Astara rayonunun Süvü kəndində torpaq sürüşməsi aktivləşib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, torpaq sürüşməsi təxminən 150-200 metr uzunluğuna, 20-30 metr aşağı istiqamətə doğru genişlənib. Bir neçə evin divarlarında çatlar əmələ gəlib. Torpaq sürüşməsi sitrus bağlarına da ziyan vurub.

Məlumata görə, əvvəllər bu ərazilərdə köhnə evlər olsa da, heç bir sürüşmə faktı qeydə alınmayıb. Sürüşmə daha çox son iki ildə hiss olunmağa başlayıb.

Astara Rayon İcra Hakimiyyəti aparatından APA-ya bildirilib ki, Şüvü kəndində baş verən torpaq sürüşməsi ilə bağlı əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri və fərdi yaşayış evlərinin texniki vəziyyətinin araşdırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Baş Layihə İnstitutunun işçiləri tərəfindən baxış keçirilib, müvafiq aktlar tərtib olunub.

Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fəqan Əhmədov APA-ya bildirib ki, bu ay havaların yağıntılı keçməsi ilə əlaqədar, həmin ərazidə torpaq sürüşməsi aktivləşib, sürüşmə kənd sakininə məxsus torpaq sahəsinə də keçib, nəticədə uzunluğu 150-200 metr, eni 20-30 metr, hündürlüyü 0,8-1 metr olan ərazidə torpaq sahəsinin çökməsi ilə sürüşmə baş verib.

Torpaq sahəsinin çökməsi və sürüşməsi fərdi yaşayış evlərinin bünövrə hissəsinin yaxınlığında baş verdiyindən həmin evlər üçün təhlükəli vəziyyət yaranıb.

Qeyd olunub ki, fərdi yaşayış evlərinə də baxış keçirilib və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub.

Geri qayıt