Birxeber.az / “TikTok”dan yazırlar ki, gəlib uşağı çəkək, amma öz bank kartımızı qoyaq: yardım kampaniyası, yoxsa etibardan sui-istifadə? - ARAŞDIRMA

“TikTok”dan yazırlar ki, gəlib uşağı çəkək, amma öz bank kartımızı qoyaq: yardım kampaniyası, yoxsa etibardan sui-istifadə? - ARAŞDIRMA

24-04-2024, 15:50

“Mənə “TikTok” sosial şəbəkəsindən nə qədər adam yazır ki, gələk uşağı çəkək, canlı yayım açaq, amma öz bank kartımızı qoyaq”, – bunu serebral iflic və digər xəstəliklərdən əziyyət çəkən Zəhra Alcanovanın atası Qasım Alcanov deyir.

O, azyaşlı övladının müalicə xərclərini qarşılamaq üçün “zehraya_komeklik” adlı “Instagram” səhifəsi açıb.

Qasım Alcanovun sözlərinə görə, ona müxtəlif sosial şəbəkələrdən uşağına yardım yığmaqda dəstək üçün təklif edənlər olur: “Mən bu cür adamlara heç vaxt razılıq vermirəm. Gedib kasıb adamların evlərini çəkirlər, yardım istəyirlər. 5-6 min yığılır, amma kasıb ailəyə oradan 300 manat verirlər. Elə adamlar var ki, bu yolla bahalı maşınlar alıblar. Hətta bir nəfər bizdən xəbərsiz uşağın şəkillərini götürüb başqa səhifə açmışdı. Mən onunla danışdım ki, səni şikayət edəcəyəm, sən dələduzluq edirsən. Mənə dedi ki, guya yığılan pulu Zəhranın müalicəsi üçün bizə verəcək. Mən buna razı olmadım. Uşağın haqqını mənimsəyirlər”.

Məsələ o qədər geniş vüsət alıb ki, artıq ənənəvi media ilə yanaşı, onlayn mediada da bu cür yardım aksiyalarına rast gəlirik. Qasım Alcanovun da dediyi kimi, toplanan vəsaitlərin bəzi hallarda dələduzlar tərəfindən mənimsənilməsi və həqiqi ehtiyac sahiblərinin hüquqlarının tapdalanması kimi hallar bu barədə mövzunu araşdırmağa ehtiyac olduğunu göstərir.

Bəs qanunvericilik nə deyir? Yardımlar hansı formada toplanmalı, ona nəzarət mexanizmləri və istifadəsi qaydaları necə olmalıdır?

Hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, humanitar və sosial layihələri həyata keçirmək üçün göstərilən yardım qrant adlanır. Hazırda Azərbaycanda yardımların yığılması qaydası “Qrant haqqında” qanunla tənzimlənir. Qrant alanla münasibətdə qrant verən donor sayılır. Bunun hansı əsaslarla verilməyi müəyyən edilməlidir. Qrant vermək üçün qanuni əsas olmalıdır:

“Yardım toplanması üçün Qeyri-hökumət təşkilatları (QHT) fond yarada bilərlər. Fond üzvü olmayan bir neçə fiziki və hüquqi şəxsin əmlak haqqı əsasında təsis edilir. Fondlar sosial, mədəni, xeyriyyə, təhsil, ictimai məqsədlər daşıyan QHT-lərdir. Bu fondların aldığı ianələr də konkret olaraq rəsmiləşdirilməlidir. İanələrin verilməsi qaydası da “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda göstərilir”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda bu qaydaların heç birinə əməl etməyən yardım kampaniyaları aparılır, bank hesabları paylaşılır: “Bu kampaniyalar qanunvericiliyi pozaraq elə bu formada efir məkanında da aparılır. Artıq bu tendensiya sosial mediada da geniş vüsət alıb. Yardım aksiyalarında küllü miqdarda pul yığılır. Bu yığılan pullara nəzarət mexanizmi mümkün deyil. Bu zaman hesabatlılıq olmadığı üçün sui-istifadəçilər müəyyən vaxt ərzində pulu mənimsəyirlər. Belə olan halda, cəmiyyətin etimadı, mərhəmət hissi sui-istifadəyə məruz qalır”.

Televiziya tənqidçisi, filologiya elmləri doktoru professor Qulu Məhərrəmli deyir ki, televiziya və radio müəyyən bir yardım kampaniyası, xeyriyyə gecələri həyata keçirə bilər. Bu, medianın təşkilatçı funksiyalarına aid vəzifələrdən biridir: “Lakin bu prosesin icrası zamanı nə dərəcədə şəffaflıq təmin edilir? Problem məhz bununla bağlıdır. Nə qədər vəsait toplanır, xərclənməsinə kim nəzarət edir? Ümumi məbləğ elan olunurmu, yardım göstərənlər qeydiyyatdan keçirilirmi? Problem açıq hesabatın və şəffaflığın olmamasından qaynaqlanır. Ümumilikdə isə ianələr toplamaq cəmiyyətin öz təbiətindən, əxlaqından irəli gələn davranışdır. Bunu qadağan etmək, embarqo qoymaq doğru deyil. Cəmiyyət inkişaf etdikcə onun bir hissəsi kimi bu kampaniyalar da meydana çıxır”.

İnformasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov mövzuya münasibətində vurğulayır ki, yardım kampaniyaları adı ilə bəzi şəxslər, hətta təşkilatlar insanların mərhəmət və etimad hissindən istifadə edərək dələduzluq edirlər: “Bu nöqteyi-nəzərdən hüquq-mühafizə orqanları məsələyə daha ciddi yanaşmalıdır. Müxtəlif yardım kampaniyalarının monitorinqi aparılmalıdır. Çünki vətəndaşlar bunu yoxlaya bilməzlər. Nəticədə isə, bu cür dələduzlarla rastlaşa bilərlər. Mütəmadi olaraq internet məkanında belə monitorinqlər aparılmalıdır”.

Ekspert vətəndaşlara tövsiyələrə verərək qeyd edib ki, yardım etmək istəyirlərsə, tanınmış, etibarlı ictimai yardım təşkilatlarının fəaliyyətinə dəstək göstərsinlər.

Fərid Kazımov əlavə edib ki, əsasən, bəzi orta yaşlı insanlarda kibertəhlükəsizlik gigiyenası yoxdur: “Onlar düşünür ki, bu yardım kampaniyası hansısa onlayn platformada aparılırsa, burada yalan, aldatma ola bilməz. Mən təklif edərdim ki, aidiyyəti qurumlar bu sahədə vətəndaşların maarifləndirilməsi üçün işlər aparsınlar. Çünki bu kampaniyalarda dələduzluq halı varsa, burada təkcə pullar mənimsənilmir, həm də kart məlumatları da oğurlanır”.

Mütəxəssis hesab edir ki, internet məkanında yardım kampaniyalarından sui-istifadəyə daha geniş spektrdən baxmaq lazımdır: “Problem təkcə Azərbaycanda deyil. Bir çox ölkələrin kiberməkanında bu problem var. Qərb ölkələrində internetə inteqrasiya tədricən olub. İnsanların bu sahədə məlumatlılığı artdıqca yenilənən texnologiyalardan istifadə ediblər. Artıq mobil internetin istifadəsi geniş vüsət aldıqdan sonra onlar təcrübəli istifadəçi kimi bu alətlərə yiyələniblər. Sonra isə smartfonlar erası başladı. Qərb ölkələri bu prosesləri mərhələli şəkildə keçdi. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə isə internetlə tanışlığı olmayan insanların böyük bir hissəsi birdən-birə smartfon alıb internetdən istifadə etməyə başladı. Təbii ki, internetin hamı üçün əlçatan olması yaxşı haldır. Lakin kiberməkandakı təhlükələrdən xəbərdar olmayan, ümumiyyətlə, təcrübəsi olmayan insanlar internet mühitində bir növ qurbana çevrilirlər. Təcrübəsizlik isə onların internetin tamamilə təhlükəsiz olduğu düşüncəsini yaradır. Əgər araşdırsaq, internet resurslarında kibercinayətlərin qurbanlarının, əsasən, bu sahədə təcrübəsi olmayan insanlar olduğunu görərik. Bu yalnız Azərbaycanın problemi deyil. Bu daha çox internetə mərhələli keçid etməyən ölkələrdə yayılmış bir problemdir”.

Fərid Kazımov Azərbaycanda kibertəhlükəsizlik üzrə gigiyena qaydalarının formalaşdırılmasını təklif edir.

Yardım toplanmasına ciddi nəzarət mexanizminin formalaşdırılmasını vacib hesab edən hüquqşünas Şamil Paşayev deyir ki, yardımların və xeyriyyə hərəkətlərinin fondlardan kənar edilməsi qanunvericiliklə qadağan edilməlidir:

“Eyni zamanda, qanun pozuntusu kimi dələduzluq cinayətinin tərkib əlamətləri ortaya çıxır. İctimai birlik və fondlar yaratmadan “Qrant haqqında” qanunvericiliyi pozaraq açıq şəkildə kartlar paylaşaraq, yardımlar toplanırsa, bu hesablara birmənalı şəkildə nəzarət olmalıdır. Vahid qanunvericiliyi pozmaqla bu kimi ianələrin toplanması nəticəsində vurulan zərər araşdırılmalıdır, belə olan halda, şəxslərin cinayət və inzibati məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, televiziya, radio, eləcə də sosial mediada yardım kampaniyası adı altında yığılan məbləğin bəzən kənar şəxslər tərəfindən mənimsənilməsi ilə bağlı polisə şikayətlər daxil olur: “Daxil olmuş müraciət əsasında insanların etibarından sui-istifadə edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Bir daha vətəndaşlara saxta səhifələr vasitəsilə yardım adı altında aparılan kampaniyalara qarşı diqqətli olmağı tövsiyə edirik”.

Hüquqşünas Şamil Paşayev isə xatırladıb ki, mövcud qanunvericilik efirdə və ya sosial şəbəkələrdə açıq şəkildə bank hesabları paylaşaraq xəstələr və ya digər ehtiyacı olan şəxslər üçün pul yığılmasına imkan vermir. Belə ki, pul yığılması üçün qanuni əsas olmalıdır: “Şəxsin hesabına toplanan pulu həmin şəxslər özləri idarə edirlər. Belə olan halda, cəmiyyətin bu prosesə nəzarət mexanizmi olmur. Halbuki donorların (pulverənin) həmin pulun hara xərclənməsi barədə hesabat almaq hüququ yaranır. Təbii ki, bir çox hallarda belə hesabatlılıqdan söhbət gedə bilməz. Şəffaflıq olmadığı üçün bu, mənimsəmə hallarını asanlaşdırır. Yəni deyə bilmərik ki, yardımların toplanması qanunla tənzimlənmir. Xeyriyyəçilik etmək istəyən şəxslər üçün fondlar, ictimai birliklər var. Həmin fondlara ianələr edə bilərlər”.

Qulu Məhərrəmli mediada yardım kampaniyalarının həyata keçirilməsi ilə bağlı xarici təcrübəyə toxunaraq deyib ki, səfərlərinin birində Amerikada İctimai televiziyada ianə toplanması üçün konsertlər təşkil edildiyinin şahidi olub:

“Böyük Britaniya, Yaponiya, Almaniyada bu cür təcrübələr var. Məsələn, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər. Azərbaycanda “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə “YAŞAT” Xeyriyyə Marafonunu, cəbhəyə yardım üçün təşkil olunan kampaniyaları da xatırlamaq lazımdır. İnsanlar necə şövqlə bu proseslərdə iştirak edirdilər. Cəmiyyəti bu gözəl ənənədən məhrum etmək olmaz. Burada niyyət, məqsəd və təşkilatçılıq önəmlidir”.

Qasım Alcanov deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qızı üçün hər üç aydan bir 12 günlük reabilitasiya xidməti təmin edir, övladını həmin xidmətə aparır:

“Lakin qalan müalicələri özümüz edirik. Bu reabilitasiyanın müddəti də üç aydan bir olduğuna görə uşağın ağrıları olanda çarəsiz qalırdıq”.

Atanın sözlərinə görə, bu reabilitasiyanın növbəti kursuna qədər keçən zamanda uşağın şiddətli ağrıları olur. Buna görə də o özü bu cür çarə tapıb:

“Səhifədən toplanan yardımlar hesabına, “TikTok”da, “İnstagram”da canlı yayımlar açaraq 6 min manat vəsait topladım və fizioterapiya üçün masaj aparatı aldım”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən vətəndaşın problemləri ilə bağlı bildirilib ki, Alcanova Zəhra Qasım qızına Agentliyin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində müxtəlif vaxtlarda ambulator formada reabilitasiya xidmətləri göstərilib. Qeyd edilib ki, Agentliyin tabeliyindəki reabilitasiya müəssisələri tərəfindən 18 yaşa qədər və 18 yaşdan böyük əlilliyi olan şəxslər üçün reabilitasiya növbəlilik əsasında həyata keçirilir.

Sosial Tədqiqatlar Mərkəzinin psixoloqu Nailəxanım Rüstəmova sosial şəbəkə səhifələri vasitəsilə yardım toplama kampaniyası zamanı bir neçə faktorun önə çıxdığını qeyd edir:

“Birincisi, insanlar sosial media platformalarının əlçatanlığı və genişliyi səbəbindən bu şəkildə yardım toplamağa üstünlük verir. İkincisi, insanlar davranışlarının altında yatan altruistik (başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip, - red.) motivlərə görə sosial mediada pul yığmağa cəlb oluna bilər. Sosial psixologiyada aparılan araşdırmalar göstərir ki, insanlar empatiya, şəfqət və sosial əlaqələri inkişaf etdirmək istəyi ilə ehtiyacı olanlara kömək etmək üçün fitri bir meyilə malikdirlər. Bu cür yardım kampaniyalarında iştirak fərdlərə bu prososial motivləri yerinə yetirmək və başqalarının rifahına töhfə vermək imkanı verir. Beləliklə, insanlar öz töhfələrini verərkən emosional və sosial ehtiyaclarını da qarşılayırlar”.

O əlavə edib ki, sosial psixologiyaya və cəmiyyətə təsiri baxımından, sosial media vasitəsilə fandreyzinqin (fundraising) yayılması xeyriyyəçilik və altruizmlə bağlı qavrayışlara və münasibətlərə təsir edə bilər:

“Tez-tez kömək axtaran postlarla qarşılaşma, insanları başqalarının vəziyyətinə həssaslaşdıra bilər və ya şəfqət yorğunluğuna gətirib çıxara bilər ki, burada böyük ehtiyaclar insanın empatiya və hərəkət etmə qabiliyyətini aşır. Nəticədə, şübhə və ya onlayn xeyriyyəçilik aksiyalarına inamsızlıq arta bilər”.

Nailəxanım Rüstəmova yardım kampaniyalarının və sosial media platformalarında yardım üçün müraciətlərin böyük həcmdə olmasının potensial olaraq desensitizasiyaya və ya şəfqət yorğunluğuna gətirib çıxara biləcəyini vurğulayıb:

“Burada fərdlər daimi ehtiyac çəpərindən boğulurlar və xeyriyyəçilik səylərindən tamamilə uzaqlaşırlar. Bu insanlar başqalarının əzablarına getdikcə uyuşduqca, icma əlaqəsini dəstəkləyən empatiya və həmrəylik bağlarını zəiflədə bilər.

Yardım kampaniyalarının sosial rifahı təşviq etmək və icma əlaqələrini gücləndirmək üçün effektiv vasitə kimi qalmasını təmin etmək üçün fırıldaqçılıq, effektivlik və mərhəmət yorğunluğu ilə bağlı narahatlıqları aradan qaldırmaq vacibdir”.

Sosial mediada övladının müalicəsi üçün yardım kampaniyası aparan Qasım Alcanov isə, öz növbəsində, bu təşəbbüsünü belə əsaslandırır:

“Uşağın yanaşı xəstəlikləri də var: yerimir, danışmır və görmür, eyni zamanda, iflicdir. İcbari Tibbi Sığorta yalnız Azərbaycandakı həkim müayinələrini qarşılayır. Lakin Zəhranın problemi ilə bağlı xaricdən ixtisaslaşmış həkim gələndə onun müayinə xərclərini qarşılamır. Biz çox baha da olsa, toplanan bu yardımlar sayəsində o həkimlərə aparırıq və artıq inkişaf da görürük. Dərmanların alınması xərclərini də bu yardımlar hesabına təmin edirik”.

Qeyd edək ki, müxtəlif məqsədlər üçün yardım toplanması başqa ölkələrdə də mövcuddur. Bəzi ölkələrdə yardım toplama ilə bağlı qanun, bəzilərində isə müxtəlif prinsiplər var. Məsələn, Türkiyədə yardımların toplanması ilə bağlı prosedur və prinsipləri əks etdirən qanun var ki, onlar da əsasnamə ilə tənzimlənir. Bu kontekstdə Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxslər, birliklər, qurumlar, fondlar, idman klubları, qəzet və jurnallar öz məqsədlərinə çatmaq, ehtiyacı olan insanlara yardım göstərmək üçün ictimai maraqlara uyğun olaraq yardım toplaya bilərlər. Lakin səlahiyyətli orqandan icazə almadan fiziki şəxslər və təşkilatlar yardım toplaya bilməz. Yardım toplayacaq şəxs və təşkilatlar yardım toplama fəaliyyətini hansı rayonun hüdudları daxilində həyata keçirərsə, o rayonun icra hakimiyyətinə ərizə ilə müraciət edərək icazə almalıdır. Bu zaman yardımın hansı məqsədlə və nə qədər toplanacağı, yardım toplama fəaliyyətlərinin davam edəcəyi şəhər və rayon, yardımların toplanması üsullarından hansının istifadə olunacağı göstərilir. Türkiyədə qanuna əsasən, sədəqələrin yığılması fəaliyyəti fiziki şəxslər tərəfindən həyata keçirildikdə, azı, üç nəfərdən ibarət məsul şuranın formalaşdırılması məcburidir, hüquqi şəxslərin məsul şurası isə idarəetmə orqanlarıdır. Hesab olunur ki, onlayn kampaniya da bu qanun çərçivəsində dəyərləndirilməlidir.

Rusiyada xeyriyyə məqsədli təşkilatlar son 15 il ərzində daha geniş yayılmağa başlayıb. Onların məqsədi ehtiyacı olanlara maddi dəstək göstərmək, bunun üçün müxtəlif digər təşkilatlardan və ya fərdi donorlardan vəsaitlərin cəlb olunmasıdır.

Rusiya ərazisində xeyriyyə təşkilatları, əsasən, könüllü – kommersiya şirkətləri və fiziki şəxslərdən toplanan ianələr əsasında; yerli administrasiya və federal hökumətlərdən daxilolmalar, dotasiyalar və ya subsidiyaların köməyi ilə; müxtəlif fondlardan cəlb olunan nağd maliyyə vəsaitləri və qrantlar vasitəsilə; qanunvericiliklə qadağan olunmayan kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirin hesabına; qiymətli kağızların satışından depozit hesabları vasitəsilə daxil olan dividentlərdən toplanan ianələr hesabına fəaliyyət göstərir.

Geri qayıt