Birxeber.az / Qərb Azərbaycanın Ermənistana hücumuna dair “proqnozlar” yaymaqla təzyiq mühiti formalaşdırmaq istəyir

Qərb Azərbaycanın Ermənistana hücumuna dair “proqnozlar” yaymaqla təzyiq mühiti formalaşdırmaq istəyir

29-01-2024, 20:40

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Qərb dairələrinin Azərbaycanın Ermənistana hücum edəcəyinə dair “proqnozlar” yayımlamaqla Bakı ətrafında təzyiq mühiti formalaşdırmağa cəhd etdiklərini bildirib.

O, "Report"a açıqlamasında deyib ki, Paşinyanın gündəmə gətirdiyi "təminat" məzmunlu çıxışı da, əslində, bu kampaniyanın bir hissəsi kimi qiymətləndirilməlidir.

Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “sülh müqaviləsinin imzalanması uzanarsa, Azərbaycanla Ermənistan arasında bir-birinə hücum etməmək barədə paktın imzalanmasına ehtiyac yaranmasına” dair bəyanatı cari reallıqları əks etdirməyən məqsədli populizmdir:

"Lakin 2020-ci ildə Azərbaycana qarşı rəsmən “yeni müharibə və yeni ərazilər” tezisi irəli sürmüş bir hökumət başçısının, yaxud hələ də konstitusiyasının preambulasında və 13-cü maddəsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları olan bir dövlətin qonşu dövlətə "hücum etməmək barədə" çağırışlarında səmimi olması mümkün deyil. 30 il Azərbaycan ərazilərini işğalda saxlamış, 4 ay əvvələ qədər torpaqlarımızda separatizmə dəstək verib qoşun hissələri saxlayan bir dövlətin hansısa paktdan danışması, təbii ki, ucuz komediyadır".

Onun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində davranışları Ermənistan və onun havadarları üçün ən böyük zəmanətdir.

"Məsələyə başqa rakursdan baxsaq, görəsən, Ermənistan məğlub yox, qalib tərəf olsaydı, yaxud strateji yüksəkliklərdə Azərbaycan yox, erməni ordusu möhkəmlənsəydi, Nikol Paşinyan eyni ritorikaya sadiq qalacaqdımı? Azərbaycan başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni konstitusion qaydada rədd edir. Paşinyan da, onun ağaları da, yaxşı olar ki, boş ritorikadan konkret faydalı fəaliyyətə yönələrək “hücum etməmək barədə pakt" altında qeyri-müəyyən status-kvoya yox, bölgədə yekun sülh və sabitliyi ehtiva edən situasiyaya can atsın. Bizim Vətən müharibəsində və antiterror tədbirlərində davranışlarımız elə Ermənistan və onun havadarları üçün ən böyük zəmanətdir", - B.Məmmədov vurğulayıb.

Geri qayıt