Birxeber.az / Xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir

Xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir

29-01-2024, 19:50

7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın xoşbəxt gələcəyinin memarı İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəklədiklərini bildirirlər.

APA xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər.

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif” jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlı yaydığı bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderin təbligatında fəal olmaga dəvət edib: “Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouri bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi inkişaf, sosial və mədəni təşəbbüslərin təşviqi sahəsində əldə olunan müstəsna nailiyyətlər təqdirəlayiqdir: “Dünya azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevi dəstəkləmə dəvət edirik”.

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov qeyd edib ki, Sloveniyada yaşayan Azərbaycan vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində sevinc, fərəh hissi ilə iştirak edəcək və ölkəmizin taleyinə qələbə yazmış Prezidentə öz dəstəyini bildirməkdən qürur duyacaq.

Böyük Britaniyanın Vorvik Universitetinin Azərbaycan Cəmiyyətinin rəhbəri Rafiq Niftəliyev də Prezident İlham Əliyevə müraciətində namizədliyini dəstəklədiklərini bəyan edib: “Biz inanırıq ki, Siz Azərbaycanın müstəqilliyinin və xalqımızın təhlükəsiz gələcəyinin sarsılmaz qarantısınız”.

“Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzi”nin sədri Ceyran Qurbanovanın bəyanatında xalqımıza Zəfər sevincini yaşadan Ali Baş Komandana sarsılmaz dəstək ifadə olunub: “Dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olmaga dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Böyük Britaniyada yaşayan diaspor fəalı, “Bülbül” Azərbaycan dili kitabının müəllifi Emiliya Cəbrayılova bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyinin bərpası İlham Əliyevin strateji baxışının və Azərbaycanın rifahına sarsılmaz sədaqətinin sübutudur: “Azərbaycana rifah və möhkəmliyi təmin etmək üçün sınanmış təcrübəyə malik lider lazımdır. İnanırıq ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan güclənməkdə davam edəcək və firavan gələcəyin formalaşdırılmasında əsas rol oynayacaq”.

Bəhreyndə Səudiyyə Ərəbistanı Sığorta Assosiasiyasının departament rəhbəri, həkim Ellada Abdullayeva deyib ki, Bəhreyn Krallığındakı Azərbaycan icması “Zəfər Yoluna Davam!” şüarı ilə ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən möhtərəm Prezidenti ürəkdən dəstəkləyir:

“Azərbaycan xalqı Prezidentimizi sevir. Onun güclü, qüdrətli dövlətimizin, məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyur. Hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşını Qalib Liderimizin dəstəklənməsi məqsədilə fəal olmağa dəvət edirik. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq!”

Kaliforniya Azərbaijan Dostluq Assosiasiyası da 7 fevral seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə assosiasiyanın sədri Elnurə Haşımova açıqlama verib: “Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində İlham Əliyevin qələbəsinə inanırıq. Əminik ki, onun müdrik rəhbərliyi altında dövlətimizin və xalqımızın növbəti uğurlarının şahidi olacağıq”.

Gürcüstanda fəaliyyət göstərən “QANUN” Hüquqi Yardım Mərkəzinin baş direktoru Əli Bədirov isə vurğulayıb ki, növbədənkənar Prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasətini qürur hissi ilə davam etdirən İlham Heydər oğlu Əliyevin namizədliyini “Qalib Xalqın Qalib Lideri” və “Dünya azərbaycanlıların lideri” şüarları altında dəstəkləyirlər:

“Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının Sizi dəstəkləyəcəyindən əmin ola bilərsiniz. Dünya azərbaycanlıların adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütovlüyünü təmin edən Liderin təbliğatında fəal olmaga həmişə hazırıq. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər arasında Türkiyənin Bilkent Universitetinin professoru, Azərbaycanın əməkdar elm xadimi Əmirullah Məmmədov, Kanadanın Vaterloo Universitetinin professoru, Azərbaycanın “Tərəqqi” medalı laureatı İlham Axundov, Azərbaycanın xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordeni laureatı Məmmədəli Ağayev, Rusiyanın əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın Primorye səhnəsinin balet qrupunun bədii rəhbəri, Azərbaycanın “Dostluq” ordeni laureatı Eldar Əliyev də var.

Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova da Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib: “Valideynlərimin – Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın hər zaman Sizi – görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən İlham Heydər oğlu Əliyevi dəstəklədiklərini qürur hissi ilə xatırlayıram. Bu gün bu ənənəni oğlum Tofiq Ağayevlə birgə davam etdirdiyim üçün xoşbəxtəm. Əminik ki, xalqımızın seçimi dövrümüzün görkəmli siyasətçisi və dövlət xadimi İlham Heydər oğlu Əliyev olacaq”.

Pənahəli xanın İspaniyada yaşayan varisi, Madrid Alkala Universitetinin 4-cü kurs tələbəsi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov Prezident İlham Əliyevə müraciətində ona dəstəyini bildirib: “Pənahəli xanın nəslindən bir nümayəndə olaraq suveren Azərbaycan torpaqlarının azad olunması məni qürurlandırır”.

Azərbaycan Yaponiya Dostluq Mərkəzi də 7 fevral seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə mərkəzin sədri, dünya şöhrətli azərbaycanlı elektronika mühəndisi, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı Xəlil Kələntərin bəyanatında bildirilib: “Hesab edirik ki, növbədənkənar Prezident seçkiləri 55 milyonluq azərbaycanlılar üçün işıqlı yol və böyük millətimizin taleyində çox vacib məqam olacaq. Azərbaycan-Yaponiya Dostluq Mərkəzi olaraq inanırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir, dünyəvi və inkişaf etmiş ölkəmiz üçün güclü bir Liderdir və biz Sizin namizədliyinizi dəstəkləyirik”.

ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova Amerikada yaşayan azərbaycanlıların seçiminin İlham Əliyev olduğunu vurğulayıb: “Cənab Prezident, Amerika azərbaycanlıları olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi diləyirik”.

Geri qayıt