Birxeber.az / Qırğızıstan yükdaşımaları üçün Orta dəhlizdən istifadə etmək niyyətindədir

Qırğızıstan yükdaşımaları üçün Orta dəhlizdən istifadə etmək niyyətindədir

29-01-2024, 19:40

Qırğızıstan ölkədən və Çindən Avropa ölkələrinə avtomobil və dəmir yolu nəqliyyatı üçün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) istifadə etməyi planlaşdırır.

“Birxeber.Az” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Baş naziririnin müavini Bakıt Torobayev bu gün keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya nəqliyyat əlaqələri üzrə İnvestor Forumunda bildirib.

Onun sözlərinə görə, bu yol regionların birləşdirilməsi və təkcə iqtisadi artımın deyil, həm də iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün daha bir əsas olacaq.

“Prezident Sadır Japarov ölkəmizin və regionun tranzit potensialının gücləndirilməsinə böyük əhəmiyyət verir. Biz böyük beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya etmək üçün yeni yolların tikintisi və mövcud nəqliyyat arteriyalarının modernləşdirilməsi üzərində fəal işləyirik. Məqsədimiz Qırğızıstan iqtisadiyyatının inkişafına və Avropa ilə Mərkəzi Asiya arasında ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verəcək davamlı və səmərəli infrastruktur yaratmaqdır”, - B.Torobayev deyib.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.

Geri qayıt