Birxeber.az / Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşüb

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşüb

20-04-2024, 13:40

Quru Qoşunlarının qərargahında aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.

Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.
Nazir hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması barədə müvafiq göstərişlər verib.

Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi çatdırılıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.

Geri qayıt