Birxeber.az / ABŞ-dən növbəti anti-Azərbaycan addım - islamofob, dini fanatizm ideyalarına dəstək - ŞƏRH

ABŞ-dən növbəti anti-Azərbaycan addım - islamofob, dini fanatizm ideyalarına dəstək - ŞƏRH

29-01-2024, 17:40

Amerika Birləşmiş Ştatları (ABŞ) növbəti dəfə anti-Azərbaycan, islamofob, türkofob tədbirin təşkilatçısı qismində çıxış etməyə hazırlaşır. Belə ki, yanvarın 30-31-i tarixlərində Vaşinqtonda Beynəlxalq Dini Etiqad Azadlığı (IRF) Sammiti keçiriləcək. Tədbirin təşkilatçıları yaydıqları məlumatda bildiriblər ki, dünyada dini azadlıqlar naminə birlikdə işləyən təşkilatların güclü koalisiyasının qurulması hədəf götürülüb. Beynəlxalq dini azadlıq hərəkatının ictimai məlumatlılığının və siyasi gücünün artırılması da bu sıradadır.

Adətən, ABŞ-də bu tip tədbirlər mütəmadi olaraq keçirilir, müxtəlif ölkələrdən ayı-ayrı dinləri təmsil edən şəxslər dəvət olunur. Vaşinqtonun ikili siyasəti və qərəzli yanaşması bu məsələdə də özünü açıq-aydın göstərir. 30 il Azərbaycan torpaqlarında tək müsəlman deyil, digər dinlərə və mədəniyyətlərə aid abidələr, müqəddəs yerlər məhv edildiyi halda, ölkəmizdən bir nəfər də olsun bu sammitə dəvət edilməyib. Əvəzində oraya qeyd olunan vandallığı həyata keçirənlər dəvət ediliblər.

Dəvətlilər sırasına Qarabağda soyqırımılar həyata keçirən keçmiş separatçı rejimin qızğın müdafiəçisi kimi tanınan "jurnalist" Siranuş Sarkisyan və daha beş erməni daxildir. Halbuki, Qarabağ ermənilərini təmsil edəcək “xanım jurnalist” hələ 2019-cu ildə Qarabağ ermənilərində şəraitsizliyə görə yaranan məyusluqdan, illərdir həll olunmayan problemlərdən danışmışdı. Hətta müsahibəsinin bir hissəsində “vəziyyət belə davam edərsə, Qarabağdakı ermənilər oranı tərk edəcəklər” deyə qeyd etmişdi.

Riyakarlıq və qərəz o həddə çatıb ki, sammitin icraçı direktoru Piter Börns də erməni lobbisinin təsiri altında olduğunu açıq etiraf edib. Məsələn, o, sosial şəbəkə hesabında Azərbaycanofob, islamofob bir paylaşım edib. Dağıdılmış məscidlərin fonunda əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd Vivek Ramasvaminin rəsmi paylaşımda əks olunub. Bu, rəzilliyin pik həddi hesab edilə bilər. Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinin icraçı direktoru dağıdılmış məscid paylaşaraq islamafob olduğunu açıq göstərir. Bu da artıq indidən onu deməyə əsas verir ki, bu tədbirdə islamofob və xristian fanatizmi ideyaları təbliğ ediləcək.

Əvvəla, sammit iştirakçılarının diqqətinə çatdırmaq istərdik ki, bu kimi tədbirlər birtərəfli olmamalıdır. Yəni müzakirələrə bütün maraqlı tərəflər cəlb edilməlidir. Amma təşkilatçılar nə ediblər? Sammitə beş erməni mənşəli şəxsi dəvət etməklə əsl mahiyyətlərini ortaya qoyublar.

İkincisi, indidən əminliklə deyə bilərik ki, müzakirələrin sonu necə olacaq. Azərbaycanofob, türkofob, islamofob xətt sammitdə əsas xətt kimi keçəcək. Azərbaycana qarşı addımlar sammitdə özünü açıq büruzə verəcək. Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinin təşkilatçıları bu rəzillikləri ilə qərəzli olduqlarını öncədən sübuta yetirirlər.

Azərbaycan tarixin ən böyük haqsızlığı və qərəzi ilə üzləşsə də, ərazisinin 20%-i 30 il işğal altında qalsa da, məscidlərində donuz saxlanılsa da, dini və mədəni abidələri təhqir edilsə də, bu "beynəlxalq" tədbirə Ermənistan nümayəndələri dəvət edilir. Bu da tədbirin əsl mahiyyətini ortaya qoyur. Əslində, bu sammit dini azadlıq deyil, "xristan birliyi" sammiti adlandırılsa, yaxşı olar.

Yeri gəlmişkən, qərəzli və ikili siyasət ilk dəfə deyil ki baş verir. Bir ay öncə Birləşmiş Ştatlar "dini etiqad azadlığını məhdudlaşdıran ölkələr"lə bağlı hesabatına Azərbaycanı da daxil etmişdi. Belə düşünən şəxslərin və qurumların hesabatları obyektiv ola bilərmi? Odur ki, sabahkı tədbir də dini azadlıq sammiti deyil, "səlibçi sammit" kimi qiymətləndirilməlidir.

Azərbaycan ABŞ hakimiyyət orqanlarının islamofob, Azərbaycanofob mövqeyi ilə ilk dəfə deyil ki rastlaşır. Ötən il ABŞ Dövlət Departamenti “2022-ci il üzrə Beynəlxalq Dini Azadlıq” hesabatında ölkəmizlə bağlı qərəzli mövqe ortaya qoymuşdu. Həmin hesabat başdan-ayağa birtərəfli məlumatlara əsaslanıb, orada qərəzli mənbələrdən istifadə olunub. Ən böyük qərəz isə ondan ibarət idi ki, din adı altında xarici ölkələrə casusluq edənlərin həbsi “etiqad azadlığının pozulması” kimi göstərilib, hətta “vicdan məhbusu” kimi qələmə verilib. Halbuki, Azərbaycan əksər beynəlxalq təşkilatların hesabatlarında tolerant, multikultural ənənələrin qorunub saxlandığı ölkə kimi təsdiqlənib.
Birincisi, ölkəmiz dəfələrlə qlobal əhəmiyyət daşıyan sammitlərə, tədbirlərə ev sahibliyi edib. Dəfələrlə BMT Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edib.

İkincisi, ABŞ-nin müxtəlif mərkəzləri də bir neçə dəfə ölkəmizdə islam dini ilə yanaşı, digər ənənəvi və qeyri-ənənəvi dinlərin etiqad azadlığının bərabər şəkildə qorunduğunu qeyd edib. Təsadüfi deyil ki, Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Hətta Bakının mərkəzi küçələrinin birində erməni kilsəsi fəaliyyət göstərir.

Göründüyü kimi, ABŞ-nin Azərbaycana qarşı qərəzi və ikili yanaşması səngimir. Sözügedən tədbir də bunun bariz nümunəsidir. Şübhəsiz ki, sammit Vaşinqtonun kuluarlarında və erməni lobbisinin təsiri altında hazırlanıb. Növbəti dəfə də məlum oldu ki, Azərbaycanın bölgədə yaratdığı reallıqla, onun müstəqil xarici siyasəti ilə barışmaq istəməyən Vaşinqton üçün heç bir müqəddəs dəyər, ədalət mövcud deyil. Elə olmasaydı, Azərbaycan hər fürsətdə hədəfə alınmazdı.

Geri qayıt