Birxeber.az / Qərbi Azərbaycan Xronikası: Ləmbəlidə əhali Gürcüstana qaçdı, onları qatara doldurub, sürgün etdilər

Qərbi Azərbaycan Xronikası: Ləmbəlidə əhali Gürcüstana qaçdı, onları qatara doldurub, sürgün etdilər

20-01-2024, 23:40

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Ermənilər Gürcüstan sərhədinə nəzarət üçün Ləmbəli əhalisini deportasiya etdi” adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə ermənilərin Noemberyan adlandırdığı, əslində isə Barana olan rayonun Ləmbəli kəndində yaşanan 1948-ci il deportasiyasının acı nəticələrindən bəhs olunur.

Bildirilir ki, strateji cəhətdən əhəmiyyətli, Gürcüstan və Qazaxla sərhəd olan bu kənd ermənilərin məkrli planının bir hissəsinə çevrilib. Belə ki, ermənilər rayon mərkəzindən 15 kilometr şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşən kəndi boşaltmaq qərarına gəlir, əliyalın əhalini zorla köçürür, işıqları söndürür, suyu kəsir, insanları çörək almağa qoymur və zülm edərək onları köçməyə məcbur edirlər.

Şahidlər diqqətə çatdırırlar ki, bu acı tale kənd üçün bir neçə dəfə, yəni 1918, 1930, 1948-cu illərdə baş verir: “1948-ci ilin yaz və payız aylarında baş verən köçürülmə zamanı məqsəd Ləmbəlini xəritədən silmək olub. Erməniləri ora köçürmək planını həyata keçirmək üçün yerli sakinlər olan azərbaycanlıları Borçalı mahalına, eləcə də Göyçə mahalının Basarkerər rayonunun Zod, Ağkilsə kəndlərinə köçürürlər. Azərbaycanlıları yük qatarına doldurub məcburi aparırlar. Bununla barışmayan ləmbəlilər aidiyyatı qurumlara müraciət edib geri köçməyə nail olurlar”.

Sonda vurğulanır ki, erməni millətçiləri tərəfindən acı tale yaşayan ləmbəlilər geri qayıdan zaman qəbiristanlıqlarının dağıdılıb yerində şərab zavodu tikilməsinin şahidi olublar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Geri qayıt