Birxeber.az / Türk Dil Qurumunun sədri: Türk dünyasının Ortaq Termin Birliyi yaradılacaq

Türk Dil Qurumunun sədri: Türk dünyasının Ortaq Termin Birliyi yaradılacaq

19-04-2024, 13:40

Türk dünyasının Ortaq Termin Birliyi yaradılacaq.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türk Dil Qurumunun sədri, professor Osman Mert bildirib.

O deyib ki, keçən həftə türk dövlətlərindən olan təmsilçilərin daxil olduğu komissiya formalaşdırılıb və bu komissiya vasitəsilə bütün elm sahələrinə aid terminlərin müəyyən edilməsinə başlanılıb: “Nəticələrdən yola çıxaraq Türk dünyasının Ortaq Termin Birliyini yaratmağa çalışacağıq. Bu gün Avropa İttifaqı öz daxilində bu birliyi yaradıbsa, biz niyə bunu qardaşlarımızla yaratmayaq? Həm də belə bir birlik ortaq fəaliyyətlərimizi daha da asanlaşdıracaq”.

Ortaq əlifba məsələsinə də toxunan O.Mert vurğulayıb ki, qloballaşmanın zərərləri olduğu kimi, avantajları da var və türk dünyasının dilçiləri bu üstünlüklərdən istifadə etməlidir: “Kommunikasiya əsrində bir-birimizə daha da yaxınlaşmalıyıq. Bu yaxınlaşmada ən önəmli faktor ortaq əlifbadır və deyərdim ki, bu mövzuda fəaliyyətlər önəmli nöqtəyə gəldi. Bizim ortaq yazı qaydaları tərtib edərək onların üzərindən çalışmağımız lazımdır. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq xanım Məsudun tərtib etdiyi "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabını da bu fəaliyyətlərin başlanğıcı sayıram”.

Geri qayıt