Birxeber.az / Paşinyan və komandasının blefləri - etimada, təhlükəsizliyə, əməkdaşlığa zərbə - ŞƏRH

Paşinyan və komandasının blefləri - etimada, təhlükəsizliyə, əməkdaşlığa zərbə - ŞƏRH

29-01-2024, 15:40

Ermənistan hakimiyyətinin blefi davam edir. Ötən həftə rəsmi İrəvan çoxsaylı avantürist çıxışları ilə yadda qalıb.

Deməli, ilk blefi ölkənin xarici işlər naziri Ararat Mirzoyan edib. O, işğal dövründə Azərbaycan ərazisində basdırılan minaların xəritəsini verə biləcəklərini açıqlayıb. Halbuki indiyədək əllərində olan xəritələri verdiklərini bildirirdi. 2020-ci il noyabrın 10-dan, üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycanın 342 vətəndaşı Ermənistanın, yaxud torpaqları işğal edən qüvvələrin basdırdıqları minaların partlaması nəticəsində ölüb. Buna görə də bütün məsuliyyəti Ermənistan tərəfi daşıyır. Çünki məlum üçtərəfli sənəddə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi maddəsi də var. Ermənistan mina xəritələrinin verilməsini niyə indi gündəliyə gətirir? Belə ehtimal etmək olar ki, bu xəritə ya onda yoxdur, ya da etibar qazanmaq üçün bu addımı atır. Ermənistan Azərbaycanla razılaşma əldə etmək məqsədilə də belə bir addım ata bilər. Sonuncu dəfə mina xəritələri 2021-ci ilin yayında verilib. Odur ki, az qala üç ildən sonra belə bir addım atılacağı ilə bağlı açıqlama blefdən başqa bir nəsnə sayılmır.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan da komandasının üzvünün avantürasından heç də geri qalmayan iddialarla çıxış edib. O bildirib ki, sülh müqaviləsinin imzalanması uzanarsa, onda Azərbaycanla Ermənistan arasında bir-birinə hücum etməmək barədə paktın imzalanmasına ehtiyac yaranır. Nikol Paşinyan deyib ki, Azərbaycana qarşı heç bir ərazi iddiası irəli sürmürlər: “Heç kəs Ermənistana ərazi iddiası irəli sürə bilməz. Biz bu cür zəmanətlər, güclü və dönməz təminatlar verməyə hazırıq. Ancaq başqalarından da oxşar təminat gözləyirik”. Baş nazir “sülhlə bağlı gündəliyə sadiq qaldıqlarını” iddia edib. O xatırladıb ki, Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflər də irəli sürüb. Bununla belə, Nikol Paşinyan Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyduqlarını da vurğulayıb: “Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”. O, ölkəsinin hərbi sənaye kompleksinin güclənməsinin də vacibliyini vurğulayıb.

Ermənistanın hökumət başçısının irəli sürdüyü sülh, bir-birinə hücum etməmək, silahlara nəzarət, ərazi bütövlüyü kimi iddialı təklifləri daha çox blefə oxşayır.

Birincisi, hücum etməməklə bağlı razılıq imzalamaq üçün etimad yaranması vacib şərtdir. Rəsmi İrəvan 44 günlük müharibədən sonra atdığı addımlar və Azərbaycana qarşı fəaliyyəti ilə özünü doğrultmayıb. Əksinə, buna zərbə vurub. Fransanın məsləhətləri ilə sülh sazişini uzadıb.

İkincisi, iki ölkə arasında sərhədyanı ərazilərə Azərbaycanın razılığı olmadan Avropa İttifaqının "mülki müşahidə missiyası"nın yerləşdirilməsinə nail olmaqla münasibətlərdə inamsızlığı gücləndirib. Başqa sözlə, “mülki müşahidə missiyası” tərəflər arasında problemlərin həllinə mane olan amillərdəndir. Onlara bu şəraiti isə Nikol Paşinyan hökuməti yaradıb.

Üçüncüsü, Ermənistan hökuməti silahlanmaya nəzarətlə bağlı da blef edir. Hindistan, Fransa, Rusiya, İran, ABŞ və daha başqa ölkələrlə silah və hərbi texnikaya dair razılaşmalarla bu məsələdə də saxtakarlıq etdiklərini gizlədə bilmir.

Dördüncüsü, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi istiqamətində bir addım belə atılmadığı halda rəsmi İrəvan “ərazi bütövlüyü"ndən danışmaqla beynəlxalq ictimai rəyi yayındırmağa cəhd göstərir.

Beşincisi, Ermənistanın mövcud konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiası məsələsi var. Ona görə də Paşinyanın bu məsələ ilə bağlı iddiası da blef sayılır.

Altıncısı, rəsmi İrəvan “sülh sazişi”, “sülh müqaviləsi”, “bir-birinə hücum etməmək haqqında razılıq” kimi ifadələrdən istifadə ilə Ermənistanın və hökumətinin sülhsevərliyini göstərməyə cəhd göstərir.

Qərbi azərbaycanlıların 36 ildir pozulan hüquqlarının bərpasını ört-basdır edən Ermənistan hakimiyyətinin xoşməramlı, sülhsevər çıxışları yalan, blefdir.

Nikol Paşinyan və komandası hər dəfə həqiqətləri gizlədərək belə avantürist açıqlamalar verirlər. Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması fonunda Ermənistan hakimiyyətinin bütün açıqlamaları blef təsiri bağışlayır. Odur ki, bu yalanlara, avantüralara özünü inanan kimi göstərən beynəlxalq ictimaiyyət, Ermənistan havadarları daha gülünc vəziyyətə düşür. Çünki onların bu kimi bleflər üzərində Azərbaycanla Ermənistan arasında münasibətlərini qurulmasını təşviq etməsi normallaşma prosesinə mənfi təsir edir. Yalanlar, saxtakarlıqlar üzərində qurulan “yol xəritələri” tez sıradan çıxır. Bu həm də mövcud olmayan etimad mühitinə daha ciddi zərbələr vurur.

Geri qayıt