Birxeber.az / Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - YENİLƏNİB

29-01-2024, 14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını deyib.

Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğulayıb.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirib.

Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulanıb.

Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını deyib, Ordunun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirin.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olunub, bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırıldı. Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edilib.

Sonda Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

13:39

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Geri qayıt