Birxeber.az / Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri “APA Media Group”un qonağı olub - FOTO

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri “APA Media Group”un qonağı olub - FOTO

29-01-2024, 13:50

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli (Essam Bin Saleh Algetale) “APA Media Group”un qonağı olub.

APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı səfiri salamlayıb, onu “APA Media Group”da görməkdən məmnunluğunu ifadə edib.

Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Səfir bu münasibətlərin iki ölkənin xalqlarına çatdırılmasında medianın və səfirliyin üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıb. Diplomat Azərbaycan mediası ilə əlaqələrin gücləndirilməsinə çalışdığını bildirib.

APA Media Group”un Azərbaycan mediasında özünəməxsus yeri olduğunu diqqətə çatdıran İssam bin Saleh əl-Cuteyli iki ölkə mətbuatı arasında əməkdaşlığın zəruriliyini qeyd edib, bu əməkdaşlığın hər iki ölkə və xalqlarımız arasında münasibətlərin daha da güclənməsinə töhfə verəcəyini söyləyib.

Diplomat Səudiyyə Ərəbistanı-Azərbaycan əməkdaşlığı istiqamətində 2024-cü ildə bir neçə proqramın həyata keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

Öz növbəsində, Vüsalə Mahirqızı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri kimi fəaliyyətə başladığı qısa müddət ərzində İssam bin Saleh əl-Cuteylinin mətbuatla münasibətə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirib. O, “APA Media Group”un iki ölkə arasında münasibətlərin daha da genişlənməsi işinə öz töhfəsini verməyə, bu kontekstdə Səudiyyə Ərəbistanı səfirliyi ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. Vüsalə Mahirqızı Azərbaycan və Səudiyyə Ərəbistanının media orqanları arasında əməkdaşlığın iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasında mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb.

Geri qayıt