Birxeber.az / ASA: "Qarabağdakı risklərə uyğun sığorta mexanizmləri formalaşdırılmalıdır"

ASA: "Qarabağdakı risklərə uyğun sığorta mexanizmləri formalaşdırılmalıdır"

29-01-2024, 11:40

Qarabağda risklər əvvəlcədən müəyyənləşdirilməli və buna uyğun sığorta mexanizmləri formalaşdırılmalıdır.

"Birxeber.Az" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev Bakıda keçirilən "Post-konflikt ərazilərin bərpasına doğru inamlı addımlar" mövzusunda seminarda bildirib.

"Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" hər bir qurum və sektor üçün, o cümlədən sığorta sektoru üçün milli yol xəritəsidir. Bugünkü seminarımız da o yol xəritəsinə əsaslanan sektorial töhvədir. Ümid edirəm və inanıram ki, bu seminarla faydalı ola biləcəyik. Çünki güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü Azərbaycan deməkdir", - deyə o qeyd edib.

ASA rəsmisi həmçinin əlavə edib ki, Azərbaycanın sığorta bazarı dayanıqlı əsaslarla inkişaf edir: "2023-cü ildə sektor üzrə yığım 1 milyard manatı keçdi, sığorta bazarının ümumi daxili məhsuldakı (ÜDM) payı 1 %-ə çatdı. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə sığorta xidmətləri nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankının məqsədyönlü fəaliyyəti, habelə bazar iştirakçılarının yüksək peşəkarlığı ilə dayanıqlı təməllər üzərində inkişaf edir".

Geri qayıt