Birxeber.az / “Şəhərdən Kəndə” layihəsi çərçivəsində ötən il görülmüş tədbirlər açıqlanıb

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində ötən il görülmüş tədbirlər açıqlanıb

29-01-2024, 10:40

Kənd Təsərrüfatı Nazirliyi aqroturizmin inkişaf etdirilməsi, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanlarının yaradılmasına xidmət edən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 2023-cü il ərzində görülmüş tədbirləri açıqlayıb.

Nazirlikdən "Birxeber.Az"a verilən məlumata görə, ötən il Şabran, Qusar, Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında ümumilikdə 33 təsərrüfatın qiymətləndirilməsi həyata keçirilib, İsmayıllı, Zaqatala, Göygöl, Şamaxı, Oğuz, Qax, Lənkəran və Astara rayonunda yerləşən ümumilikdə 9 aqroturizm təsərrüfatlarında abadlaşdırma işləri yekunlaşdırılıb.

Layihədə iştirak üçün əsas meyar fəaliyyətlərində aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətləri nəzərə alınır. Eyni zamanda əvvəl dəstək göstərilən “Lakeside Garden”, “Tofiqoğlu bal”, “Bio Garden”, “Bal Evi”, “EKO Zaqatala”, “Hope lake”, “Sitrus vadisi”, həmçinin Quba rayonunun Qımılqazma kəndində yerləşən təsərrüfatlarda təmirdən sonra monitorinqlər keçirilib.

Monitorinqin nəticələrinə əsasən 2019-cu il ilə müqayisədə 2023-cü ildə aqroturizm istiqamətində regionlara turist axını 5 dəfə artıb. Layihənin icra edildiyi müddətdən bu günə qədər təsərrüfatlara səfər edən turistlərin ümumi sayı 230 min nəfərə çatıb. 2023-cü ildə dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 53 turizm şirkətinin nümayəndələri üçün infoturlar təşkil edilib.

İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə şimal-qərb, qərb, cənub və aran regionlarında təqdimatlar baş tutub. Bundan əlavə Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax və Zaqatala rayonlarından olan 105 təsərrüfat sahibi üçün aqroturizmlə bağlı müxtəlif təlimlər keçirilib. Dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.

Ümumilikdə layihə çərçivəsində 175 təsərrüfatdan 221 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.

Geri qayıt